Aprelin 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib
İclası açan spiker bildirib ki, Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 18-dən 20-dək Polşa Respublikasında rəsmi səfərdə olub.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Polşa Respublikasının Prezidenti cənab Andjey Duda, Polşa Seyminin sədri xanım Elzbieta Vitek və Polşa Senatının sədri cənab Tomaş Qrodzki, habelə Polşa–Azərbaycan parlamentlərarası dostluq qrupunun, Seymin Avropa İttifaqı məsələləri üzrə komitəsinin üzvləri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycanla Polşa arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, dövlətlərarası əməkdaşlığın inkişafında parlamentlərin qarşılıqlı fəaliyyətinin rolu ilə bağlı məsələlər müzakirə edilib.
44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yaranmış vəziyyət, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işləri, bölgədə uzunmüddətli sülh yaradılması üçün dövlətimizin göstərdiyi səylər və Ermənistanın bu səylərə mane olmaq üçün törətdiyi təxribatlar, xüsusən mina terroru barəsində həmsöhbətlərə geniş məlumat verilib.
Milli Məclisin sədri qeyd edib ki, səfərin sonuncu günü, aprelin 20-də Varşava Universitetinin dəvəti ilə o, həmin təhsil ocağında məruzə ilə çıxış edib. Sahibə Qafarova məruzədə Azərbaycan dövlətçiliyinin inkişaf tarixi, xalqımızın zəngin mədəniyyəti və ənənələri, Azərbaycan dövlətinin daxili və xarici siyasəti, dünyada mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfələr, beynəlxalq təşkilatların fəaliyyətində konstruktiv iştirakı və digər məsələlər barəsində fikirlərini bölüşdüyü diqqətə çatdırıb.
Spiker parlament nümayəndə heyətinin Polşaya rəsmi səfərinin uğurlu keçdiyini bildirib və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını ifadə edib.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, komissiya sədri Eldar İbrahimov, deputatlar Fəzail Ağamalı, Razi Nurullayev, Hikmət Məmmədov, Kamran Bayramov, Elşən Musayev, İlham Məmmədov, Şahin İsmayılov, Nizami Səfərov, Aydın Mirzəzadə, Mahir Abbaszadə çıxış edərək deputat Vahid Əhmədovun son müsahibəsində söylədiyi fikirlərə münasibət bildiriblər. Onun müsahibədə yer almış bir sıra iddialarına, deputat həmkarlarının fəaliyyətinə qeyri-obyektiv yanaşmasına etiraz ediblər.
Çıxışlarda millət vəkilləri aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis olunmasını təqdir ediblər. Deputatlar ölkəmizdə, xüsusən Qarabağ iqtisadi regionunda böyük layihələrin həyata keçirildiyini, beynəlxalq arenada dövlətimizin sülh müqaviləsinin imzalanmasına yönəlmiş səylərini yüksək qiymətləndiriblər. Hazırki şəraitdə ölkənin yeganə nüfuzlu aparıcı siyasi qüvvəsinin Yeni Azərbaycan Partiyasının olduğunu vurğulayıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə xalqın rəğbətini qazanmış və hazırda sıralarında yüz minlərlə insanı birləşdirən bu partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi yeni, daha böyük uğurlara aparır. Yeni Azərbaycan Partiyası tarixi məsuliyyəti öz üzərinə götürərək, mütəşəkkil siyasi avanqard rolunu layiqincə icra edir, dövlətçilik maraqlarının təmsilçisi kimi fəaliyyətini müvəffəqiyyətlə həyata keçirir.
Müzakirələr zamanı məsələnin İntizam komissiyasına çıxarılması təklifləri səsləndirilib.
Müzakirələrin yekununda Milli Məclisin sədri Sahibə Qafarova məsələyə parlamentin İntizam komissiyasında baxılacağını söyləyib.
Sonra spiker iclasda 11 məsələnin müzakirə ediləcəyini və gündəliyin birinci məsələsinin Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatının olduğunu bildirib. O, qeyd edib ki, Hesablama Palatasının hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentin nəzarət funksiyasının həyata keçirilməsində mühüm rol oynayır.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2022-ci ildə fəaliyyəti haqqında Hesabatını təqdim edib. Palata sədrinin çıxışı slaydlar və diaqramlarla müşayiət olunub.
Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində ölkə rəhbərliyi tərəfindən həm iqtisadi, həm də siyasi müstəvidə atılmış addımlar uğurla nəticələnib, dünyada, o cümlədən regionda artan geosiyasi və iqtisadi gərginliklər fonunda ölkə daxilində sabitlik təmin olunub. 2022-ci ildə Hesablama Palatası dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətini həyata keçirib. O, Hesablama Palatasının nəticəəsaslı çərçivəyə əsaslanan Strateji Planının tərtibindən artıq 2 il keçdiyini və “2021-2025-ci illər üzrə Strateji Plan”da 2 yekun və 9 aralıq nəticənin müəyyənləşdirildiyini söyləyib. Strateji Planda nəzərdə tutulmuş fəaliyyətlərin ölçülə bilməsinin təmin edilməsi məqsədilə 90 əsas perfomans göstəricisindən ibarət Monitorinq Çərçivəsinin qurulduğunu, ilin yekunları üzrə faktiki icra vəziyyətinin plan göstəriciləri ilə müqayisədə qiymətləndirildiyini deyib.
Diqqətə çatdırılıb ki, 2022-ci il üçün Əməliyyat Planında ümumilikdə 214 tədbir müəyyənləşdirilıb. Nəzərdə tutulmuş tədbirlərin 74,8%-i tam, 13,1%-i qismən icra edilib, 12,1%-i isə icra olunmayıb. Ümumi icra 81,3% təşkil edib. Strateji Plan üzrə 2022-ci il üçün büdcə 7,7 mln. manat icra edilib ki, bu da proqnozun 79,4%-ni təşkil edir.
Palata sədri bildirib ki, 2022-ci ildə Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Ötən ilin İş Planının audit və analitik fəaliyyət üzrə icra vəziyyəti Hesabatın tərtib edildiyi tarixədək 95,8% təşkil edib. Bu, 1 uyğunluq və 1 səmərəlilik auditinin, müvafiq olaraq dayandırılması və yekunlaşdırılmaması ilə əlaqəli olub. İlkin olaraq İş Planında audit və analitik fəaliyyət formasında 40 tədbir təsdiq edilib. İş Planına il ərzində müvafiq icra hakimiyyəti orqanının və Hesablama Palatasının üzvlərinin təklifləri əsasında audit və analitik fəaliyyət üzrə 8 yeni tədbir əlavə edilib.
Hesabata əsasən, 2022-ci ilin İş Planına daxil olmuş nəzarət obyektlərinin 29-da və ya 60,4%-də nəzarət tədbiri ilk dəfə keçirilib. Əhatə dairəsinə dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının büdcələrinin, publik hüquqi şəxslərin vəsaitləri daxil olub.
Qeyd olunub ki, hesabat ilində Hesablama Palatası 42 audit həyata keçirib. Hər üç audit növü ilə yanaşı, bir neçə auditdə İT audit növünün bəzi elementlərindən istifadə olunub. Audit mövzuları müəyyənləşdirilərkən audit növündən asılı olaraq, dövlət satınalmaları, dövlət investisiyaları, dövlət sifarişləri, dövlət proqramları, dayanıqlı inkişaf məqsədləri və maliyyə hesabatları diqqətdə saxlanılıb.
Bildirilib ki, maliyyə və uyğunluq auditləri ümumi auditlərin 88,0%-ni təşkil edib. Uyğunluq auditlərinin 66%-də müəyyən edilmiş meyarlara uyğun olma, 34%-də isə əhəmiyyətli uyğunsuzluqların olması ilə bağlı rəy verilib. Maliyyə auditləri üzrə 5 müsbət, 2 şərti-müsbət, 1 mənfi rəy verilib, 1 audit üzrə isə məlumatlar tam olmadığından rəy verilməsindən imtina edilib.
Ötən dövrdə 5 səmərəlilik auditi keçirilib. Səmərəlilik auditində bu günə qədər 16 DİM indikatoru əhatə edilib və bunlardan 13-ü 2022-ci ilin payına düşür.
Hesabat ilində 6 analitik fəaliyyət həyata keçirilib. Analitik fəaliyyət üzrə mövzular OMXÇ-ni, əsaslı xərcləri, dövlət rüsumunu, özəlləşdirilmə və məqsədli büdcə fondunun vəsaitlərini əhatə edib.
2022-ci ildə qəbul edilmiş Kollegiya qərarlarının icra vəziyyətinin yerində araşdırılması məqsədilə Hesablama Palatasının üzvlərinin təklifləri əsasında İş Planına 6 monitorinq əlavə edilib. Keçirilmiş monitorinqlərlə Kollegiya qərarlarında əks etdirilmiş 46 sayda təklifin icra vəziyyəti qiymətləndirilib. İzlənən təkliflərin 13%-i icra edilməyib, 19,5%-i qismən, 67,5%-i isə tam icra edilib.
Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən ümumilikdə 6 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bundan əlavə, 2022-ci ildə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinə yenidən baxılması üzrə layihələrə Hesablama Palatası tərəfindən 3 rəy hazırlanaraq Milli Məclisə təqdim edilib.
Vüqar Gülməmmədov nəzərə çatdırıb ki, Hesabatda ilk dəfə olaraq Palatanın fəaliyyətinin müxtəlif meyarlar üzrə təsirinin iqtisadi, maliyyə və cəmiyyət baxımından qiymətləndirilməsi aparılıb.
Bildirilib ki, 2022-ci ildə hesablanmış artıq ödəmə məbləğləri üzrə pul, əvəzləşmə və natura ifadəsində 34,4 milyon manat məbləğində dövlət vəsaitinin bərpası təmin edilib. Dövlət vəsaitinin bərpa təklifi üzrə hesabat ilinin nəzarət tədbirləri üzrə qalan 25,5 milyon manatın və əvvəlki illər üzrə 2,8 milyon manatın icrası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti ilin Hesabatına daxil ediləcəkdir. Hesabat ilində 6 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinə təqdim edilib. Hesabat tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində nəzarət tədbirləri üzrə 1,9 milyon manatın ödənilməsi təmin edilib və bu istiqamətdə iş davam etdirilir. 28 nəzarət tədbirinin nəticələri üzrə 46 sayda məlumat 13 quruma göndərilib. Rəylərdə göstərilən 19 məsələ üzrə tövsiyə və qeydlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən büdcə sənədləşməsində nəzərə alınıb.
Palata sədri bildirib ki, büdcənin icrası mərhələsində hüquqi şəxslərə subsidiyanın verilməsi və istifadəsində pozuntular, subsidiya alanların tələb olunan göstəricilərə nail ola bilməməsi və istifadə edilməyən subsidiyaların büdcəyə qaytarılmasını təmin etmək üçün aparılan işlərin kifayət qədər olmaması kimi hallar subsidiyaların verilməsi ilə bağlı qayda və prosedurların olmasını zəruri edir. Bütün bunlar subsidiyaların planlaşdırılması və istifadəsinə dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac olduğunu göstərir.
Məruzədə, habelə azad olunmuş ərazilərin bərpası üçün ayrılan vəsaitlərin auditi barədə məlumat verilib. Bildirilib ki, ötən il azad olmuş ərazilərdə dörd uyğunluq auditi aparılıb və bunun biri preaudit formasında həyata keçirilib. İki auditin nəticəsində 1,4 milyon manat vəsait bərpa edilib, bir audit üzrə isə görülən işlər tam və doğru sənədləşdirilmədiyi üçün təxirə salınıb.
Ötən il Hesablama Palatasının maraqlı tərəflərlə səmərəli əlaqələr qurduğu, parlamentlə əlaqələrin yüksələn xətlə davam etdirildiyi, başa çatdırılmış bütün auditlərin nəticələrinin Milli Məclisə təqdim edildiyi qeyd olunub. Bununla yanaşı, icra orqanları ilə də Palatanın əlaqələrinin müxtəlif formalarda həyata keçirildiyi, 2022-ci ildə dövlət büdcəsinin layihəsinə və büdcədənkənar dövlət fondlarının büdcə layihələrinə rəylərin hazırlanması zamanı dövlət orqanları ilə müzakirələrin aparıldığı bildirilib.
Vüqar Gülməmmədov çıxışının sonunda Hesablama Palatasının cari il üçün nəzərdə tutduğu fəaliyyətlə bağlı məlumatların da Hesabatda əks olunduğunu söyləyib. O, ölkə başçısı tərəfindən “Heydər Əliyev İli” elan edilmiş 2023-cü ildə Palatanın üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələcəyinə inamını ifadə edib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Hesablama Palatasının illik hesabatı ilə bağlı fikirlərini açıqlayıb. O, sənədin geniş və informativ olmasını, qısa icmalın və təqdimatın hazırlanmasını müsbət qiymətləndirib. Bildirib ki, beynəlxalq büdcə əməkdaşlığı tərəfindən tərtib edilən açıq büdcə indeksində Palatanın fəaliyyətinin 100 mümkün baldan 89 balla qiymətləndirilməsi təqdirəlayiqdir. Planlaşdırılmış nəzarət tədbirlərinin əsasən icra edilməsi, bu barədə audit nəticələrinin Milli Məclisə təqdim edilməsi və dərc edilməsi yaxşı nəticə hesab edilir.
Komitə sədri hesabatda maliyyə auditinin əhatə dairəsinin 5 milyard 573 milyon manata, səmərəlilik auditinin isə əhatə dairəsinin 1 milyard 118 milyon manata yüksəlməsini müsbət hal olaraq, uyğunluq auditinin əhatə dairəsinin isə 2 milyard 353 milyon manata azalmasını narahatedici hal kimi qeyd edib. Bildirib ki, ümumiyyətlə, auditlərin sayı və əhatə dairəsinin artdığı istiqamətlərdə də bir sıra təkmilləşdirmələrə ehtiyac var.
Tahir Mirkişili deyib ki, hesabat ilində Palata tərəfindən monitorinq fəaliyyətinin kəskin genişləndirilməsi, verilən təkliflərin izlənməsinin artırılması təqdirəlayiqdir. Hesabatda 2022-ci ildə aparılan 28 uyğunluq auditindən 26-da büdcə qanunvericiliyinin pozulması, 26-da dövlət satınalmaları sahəsini tənzimləyən hüquqi aktların pozulması, 14-də əməyin ödənişi sahəsində qanunvericiliyin pozulması halları göstərilib. Ümumilikdə, uyğunluq auditi ilə aşkar edilmiş maliyyə pozuntularının həcminin 481 milyon manata çatması, bunun 350 milyon manatının bərpası üçün əsasların müəyyən edilməsinin mümkün olmaması göstərilib. O, qeyd olunan göstəriciləri nəzərə alaraq, bu istiqamətdə önləyici tədbirlərin görülməsinin vacibliyindən danışıb.
Komitə sədri Hesabatda fəaliyyətin dayanıqlı inkişaf məqsədləri ilə uzlaşmasının göstərilməsini təqdirəlayiq hesab edib. O, ümumiyyətlə, Palatanın fəaliyyətinin DİM indikatorları ilə uzlaşdırılmasının dövlətin sosial siyasətinə mühüm dəstək olduğunu deyib. Sənəddə vətəndaşlara yönəlik təkliflərin icrası ilə bağlı məlumatların dərc edilməsini yüksək qiymətləndirib. Maliyyə nəzarəti tədbirlərinin həm də birbaşa vətəndaşların maddi rifahının yaxşılaşmasına təsirini parlamentin əsas fəlsəfəsinə xidmət edilməsi baxımından müsbət hal olduğunu söyləyib.
Tahir Mirkişili çıxışının sonunda Palatanın 2023-cü ildəki fəaliyyəti ilə bağlı bəzi təkmilləşdirmə xarakterli təklif və tövsiyələri də səsləndirib. O, ümumilikdə təqdim edilən hesabatın məqbul hesab edildiyini bildirib.
Hesabat ətrafında gedən müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, deputatlar Vüqar Bayramov, İlham Məmmədov, Etibar Əliyev, Bəhruz Məhərrəmov çıxış ediblər. Millət vəkilləri təqdim edilən hesabatın təqdirəlayiq olduğunu söyləyiblər. Onlar sənədin ətraflı tərtib edildiyini, Palatanın fəaliyyəti haqqında geniş məlumat verildiyini, şəffaflıq prinsiplərinə riayət olunduğunu qeyd ediblər, tətbiq edilən yenilikləri yüksək qiymətləndiriblər. Deputatlar sənədlə bağlı bəzi qeyd və təkliflərini də səsləndiriblər.
Müzakirələrin sonunda Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatının nəzərə alınması barədə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri bildirib ki, gündəliyin bundan sonrakı 10 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Növbəti 4 məsələ isə cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. Ona görə də təklif olunub ki, qanun layihələri ayrılıqda təqdim olunsun, müzakirələri birlikdə keçirilsin.
Spiker diqqətə çatdırıb ki, 2-ci və 3-cü məsələlərə Regional məsələlər komitəsində baxılıb. Parlamentin rəhbəri qanun layihələri ilə bağlı məlumat vermək üçün Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayevə söz verib.
Elşən Musayev bildirib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşunda geniş məlumat verilib və deputatların qaldırdıqları suallar ətraflı şəkildə cavablandırılıb. O, deputatlardan qanun layihələrini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.
4-cü məsələ olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, qanun layihəsi birinci oxunuşda geniş müzakirə edilib, sənədlə bağlı hər hansı bir təklif və irad daxil olmadığı üçün həmkarlarından layihəni ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.
5-ci məsələ – “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib. O, bildirib ki, sənədin birinci oxunuşundan sonra Milli Məclis sədrinin tapşırığına uyğun olaraq, həm bu qanun layihəsi, həm də onunla bağlı olan qanun layihələri ilə bağlı müvafiq dövlət qurumlarının nümayəndələrinin və ekspertlərin iştirakı ilə geniş müzakirə keçirilib və deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib, sualları cavablandırılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi ilə bağlı komitəsinin müsbət rəyini açıqlayıb.
Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Spiker bildirib ki, gündəliyin son altı məsələsi də cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə də bir-birinə yaxındır. Ona görə də onların təqdimatlarının ayrı-ayrı, müzakirəsinin birlikdə keçirilməsi qərara alınıb. Milli Məclisin sədri bildirib ki, 6-cı, 7-ci və 8-ci məsələlərə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb və məsələlərlə bağlı məlumat vermək üçün komitənin üzvü Nurlan Həsənova söz verib.
Nurlan Həsənov bildirib ki, Şəhərsalma və Tikinti Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin birinci oxunuşunda ətraflı məlumat verilib və deputatların sualları cavablandılıb. O, deputatlardan qanun layihələrini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı müsbət rəyini diqqətə çatdırıb.
Gündəliyin 9-cu, 10-cu və 11-ci məsələləri – ikinci oxunuşda olan “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.
Sadiq Qurbanov diqqətə çatdırıb ki, baxılan layihələrlə bağlı birinci oxunuşda heç bir sual yaranmayıb və ona görə də olduğu kimi yenidən səsə qoyulmasını xahiş edib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI