Sahibə Qafarova Varşava Universitetində Ermənistanın hərbi – siyasi təxribatları barədə geniş məlumat verib

0

Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetində Ermənistanın hərbi – siyasi təxribatları barədə geniş məlumat verib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Sahibə Qafarova: Ermənistan birtərəfli qaydada sülh danışıqlarından çıxaraq, vəziyyəti gərginləşdirmək məqsədilə Azərbaycanın sərhədində və suveren ərazisində hərbi təxribatlar törətməkdə davam edir

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində çıxışı zamanı Ermənistanın işğalçılıq siyasəti, hərbi-siyasi təxribatları barədə geniş məlumat verib. 

Spiker bildirib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. İşğal illərində Ermənistan tərəfindən şəhər və kəndlərimiz viran edilib, Azərbaycanın tarixi, mədəniyyət və dini abidələri erməni vandalizmi nəticəsində dağıdılıb, həmin rayonların təbiətinə qarşı ekoloji terror törədilib. İşğal olunmuş torpaqlarda Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkün və  qaçqın vəziyyətinə salınıb. 

Milli Məclisin sədri bildirib ki, Azərbaycan uzun illər ərzində bu münaqişənin sülh yolu ilə həllini gözlədikdən sonra, nəhayət 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edərək, öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn prinsip və normalarını icra etdi, bununla da öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 

O, qeyd edib ki, indi biz “ağıllı şəhərlər və kəndlər” konsepsiyası əsasında bu ərazilərin bərpası və yenidən qurulması üzrə genişmiqyaslı işlərə başlamışıq. Keçmiş məcburi köçkünlərin ilk ailələri artıq evlərinə qayıtmağa başlayıb. 

Parlamentin sədri işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq işlərində ən mühüm problemlərdən birinin Ermənistanın həmin ərazilərdə bir milyondan çox mina quraşdırmasının olduğunu söyləyib. O, son iki il ərzində təxminən 300 mülki vətəndaşın və hərbi qulluqçunun bu minalara düşərək  həlak olduğunu və yaralandığını deyib. 

Sahibə Qafarova bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərir və Ermənistana beynəlxalq hüququn beş prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur, silahlı birləşmələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxlayır və regionda bütün kommunikasiya və nəqliyyat marşrutlarının açılmasına mane olur. Ermənistan birtərəfli qaydada sülh danışıqlarından çıxaraq, vəziyyəti gərginləşdirmək məqsədilə Azərbaycanın sərhədində və suveren ərazisində hərbi təxribatlar törətməkdə davam edir. Ermənistanın gələcəyə baxışının nə vəd etdiyi hələ məlum deyil. 

O, deyib ki, Azərbaycan işğala məruz qalmış dövlət olmasına baxmayaraq, gələcəyə baxır və sülh uğrunda səylər göstərir. Çünki sülh sabitliyə, inkişafa və əməkdaşlığa aparan yeganə yoldur. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir