Koreyalı parlamentarilərlə görüşdə
Aprelin 20-də Milli Məclisin sədr müavini Fəzail İbrahimli Koreya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Suh Byonq-Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən Fəzail İbrahimli bu səfərin qarşılıqlı münasibətlərə öz müsbət təsirini göstərəcəyinə inamını bildirib.
Milli Məclisin sədr müavini qonaqların səfərinin müasir Azərbaycan tarixinin əlamətdar dövrünə təsadüf etdiyini qeyd edib. O, SSRİ-nin süqutu ərəfəsində Ermənistanın Azərbaycana təcavüzü və etnik təmizləmə siyasəti aparmasından, nəticədə ölkəmizin 20 faizinin işğal olunmasından, 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşməsindən söz açıb. Vitse-spiker Azərbaycanın danışıqlar yolu və beynəlxalq hüquq vasitəsilə ərazi bütövlüyünü bərpa etmək üçün 30 ilə yaxın səbir göstərdiyini və nəhayətdə BMT-nin məsələ ilə bağlı qəbul olunmuş 4 qətnaməsini öz gücü ilə həyata keçirərək düşməni torpaqlarından qovduğunu, ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.
Postmüharibə dövrünün reallıqları barədə qonaqlara məlumat verən Fəzail İbrahimli Ermənistanın İkinci Qarabağ müharibəsinə yekun vuran Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdığını, geosiyasi güclərin Cənubi Qafqazda maraqlarının toqquşmasından istifadə edərək Azərbaycana qarşı düşmənçilik, təxribat və qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb.
Söhbətdə Fəzail İbrahimli ölkələrimiz arasında əlaqələrin perspektivləri, bu əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Görüşə görə təşəkkürünü bildirən Koreya Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun sədri Suh Byonq-Su ölkəmizə bundan əvvəlki səfərlərindən danışıb. O, Azərbaycanın üzləşdiyi problemlərin Koreya üçün də tanış olduğunu qeyd edib və üzləşdiyi çətinliklərə baxmayaraq, inkişaf səylərini davam etdirməsinin hər iki ölkənin oxşar cəhətləri olduğunu vurğulayıb. Qonaq deyib ki, ölkəsi Cənubi Qafqazda davamlı sülhün və iqtisadi əməkdaşlığın bərqərar olmasında maraqlıdır.
Görüşdə Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov və qrupun üzvü Hikmət Məmmədov, Koreya Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri Li Dal Gon, Hangbo Son-Hi iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Söhbət zamanı əlaqələrimizin daha da inkişaf etdirilməsinin perspektivlərindən danışılıb, qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb və digər maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI