Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında Ermənistanın hərbi-siyasi təxribatları barədə çıxış edib

0

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar  səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxış edib. Spiker Sahibə Qafarova çıxışında Ermənistanın hərbi – siyasi təxribatları barədə geniş məlumat verib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Ermənistanın Avropa İttifaqının missiyasının bu ölkədə olmasından sui-istifadə etməsi və vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürütməsi aydın müşahidə olunur. Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədi boyunca və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində atəşkəs rejimini pozmaqda davam edir ki, bu da insan tələfatına səbəb olur. Spiker üç gün əvvəl Ermənistanın sərhəddə növbəti hərbi təxribat törətdiyini və nəticədə üç azərbaycanlı hərbçinin həlak olduğunu diqqətə çatdırıb.

⤵️

Sahibə Qafarova həmçinin diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Ermənistan sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisini saxlayıb. Dərhal sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani rəftarı göstərən videogörüntülər yayılıb. Müvafiq beynəlxalq təşkilatlar sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər.

Çıxışında Milli Məclisin sədri onu da qeyd edib ki, Ermənistan tərəfindən basdırılan və sayı bir milyondan çox olan minalar hələ də bərpa işlərində ən böyük problemlərdən biridir. Vətən müharibəsindən sonrakı iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və ya ağır yaralanıb. Dəfələrlə tələb olunmasına baxmayaraq, Ermənistan indiyədək minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təqdim etməyib.

Spiker bildirib ki, Parlamentlərarası Assambleyanın Səmərqənd şəhərində keçirilən 54-cü plenar iclasında bizim tərəfimizdən ümid ifadə olunub ki, Ermənistan münasibətlərin normallaşdırılması prosesini ləngitməyəcək, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannamənin bütün bəndlərinin icrası üçün real addımlar atacaq. Üstəlik, 2022-ci ilin oktyabrında Praqa və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıblar. 

⤵️

Milli Məclisin sədri diqqətə çatdırıb ki, məhz Azərbaycan Ermənistana beynəlxalq hüququn 5 ümumi qəbul edilmiş prinsipləri əsasında sülh təklif edib.

Spiker təəssüflə qeyd edib ki, proses istənildiyi kimi getmir. Ermənistan hakimiyyətinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də daxili işlərinə müdaxiləyə yönəlmiş ritorikasının güclənməsi ciddi narahatlıq doğurur. Qeyd olunub ki, Ermənistan götürdüyü öhdəliklərin əksinə olaraq hələ də öz Silahlı Qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən tam çıxarmayıb. Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbi qulluqçusu hələ də Azərbaycan ərazisindədir. Həmçinin Ermənistan Laçın yolundan minaların, hərbi texnikanın və silahların daşınması, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində şəxsi heyətin rotasiyası, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının Ermənistana daşınması üçün istifadə edir.

Parlament sədri diqqətə çatdırıb ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin 12 dekabr 2022-ci il tarixindən Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiya məhz buna qarşı yönəlib. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.

⤵️

Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 mindən çox nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin, humanitar yüklərin Laçın yolundan maneəsiz keçməsi sübut edir ki, Ermənistanın guya bu yolun bağlanması, qondarma “humanitar fəlakət” barədə iddiaları tamamilə əsassızdır və yalandır.

Spiker vurğulayıb ki, Laçın yolunun Ermənistan-Azərbaycan sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifi bu yolun istifadəsində şəffaflığı təmin edəcək, lakin erməni tərəfi bunda maraqlı deyil və təklifi qəbul etmir. Həmçinin, Üçtərəfli Bəyanata uyğun olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlikləri hələ də yerinə yetirmir.

Sahibə Qafarova bildirib ki, Ermənistan tərəfi 2022-ci ilin dekabrında Moskvada xarici işlər nazirlərinin iştirakı ilə planlaşdırılan son görüşü boykot edərək danışıqlar prosesindən birtərəfli qaydada çıxıb və beynəlxalq səylərə zidd olaraq sülh müqaviləsi üzrə birbaşa danışıqların aparılmasına mane olmağa davam edir.

Spiker bildirib ki, Ermənistanın nəyə ümid etdiyi və vaxtı niyə uzatdığı hələ də aydın deyil. Bir şey aydındır ki, sülh sazişinin imzalanması regionumuzda sülhə, sabitliyə və firavanlığa nail olmağın yeganə yoludur. Onun alternativi yoxdur.

⤵️

Milli Məclisin sədri çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri haqqında da danışıb, Azərbaycanın 9 şəhərinin və yüzlərlə kəndinin işğal dövründə yer üzündən silindiyini diqqətə çatdıraraq, görülən işlərin həcminin böyük olduğunu vurğulayıb. O, məlumat verib ki, bu ərazilərin bütün infrastrukturu – yollar, elektrik stansiyaları, su kəmərləri yenidən tikilir. Laçın rayonunda artıq işğaldan azad olunmuş ərazilərdəki üçüncü beynəlxalq hava limanı inşa olunur. Görülən işlərin miqyasının aydın təsəvvür edilməsi baxımından qeyd olunub ki, 2021-2022-ci illərdə Azərbaycan hökuməti bərpa işlərinə təxminən 4 milyard ABŞ dolları xərcləyib, bu il isə bu məqsədlər üçün ən azı 1,7 milyard ABŞ dolları ayrılması planlaşdırılır. Həmçinin, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün qəbul edilən “Böyük Qayıdış” Proqramı da uğurla icra edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.

⤵️

Spiker fürsətdən istifadə edərək işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistanın məktəb, Qazaxıstanın isə yaradıcılıq mərkəzi tikməsinə görə özbək və qazax həmkarlarına minnətdarlığını bildirib. Vurğulayıb ki, bu, xalqlarımız arasında qardaşlıq, dostluq və həmrəyliyin bariz nümunəsidir.

Artıq Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri ilə dialoq qurmaq üçün addımlar atılır. Martın əvvəlində Xocalıda onlarla bu məsələlərə cavabdeh olan şəxs arasında görüş keçirilib. Həmin şəxs həm də Milli Məclisin deputatıdır. Bu dialoq davam edəcək. Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarını cəmiyyətə yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu, sırf Azərbaycanın daxili işidir. Onların hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək.

⤵️

Milli Məclisin sədri çıxışında həmçinin MDB Parlamentlərarası Assambleyasının fəaliyyətinə də toxunaraq, bildirib ki, MDB Parlamentlərarası Assambleyası birlik ölkələri arasında əməkdaşlığın effektiv mexanizmi kimi ötən dövr ərzində böyük inkişaf yolu keçərək bu gün qarşılıqlı əlaqələrin müxtəlif sahələrinə öz töhfəsini verən mühüm parlamentlərarası instituta çevrilib. Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində fəaliyyətə həmişə önəm verdiyini, yeni ideya və təkliflər irəli sürərək təşkilatın fəaliyyətinin və parlamentlərarası əməkdaşlığın möhkəmlənməsində fəal iştirak etdiyini bildirib.

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir