Tural Gəncəliyev: “Azərbaycan müttəfiq ölkələr, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da gücləndirməlidir”
“Azərbaycan müttəfiq ölkələr, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da gücləndirməlidir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni geosiyasi reallıqları, əldə etdiyi uğurları həzm edə bilməyən qüvvələr, onların bağlı olduğu güc mərkəzləri, dairələr ölkəyə qarşı məkrli planlarını həyata keçirmək üçün dəridən-qabıqdan çıxırlar: “Düzdür, Azərbaycan bu çağırışların, təhdidlərin öhdəsindən gəlmək üçün güclü liderə, orduya və kifayət qədər dayanıqlı inkişafa malikdir. Lakin bununla belə, Azərbaycan həm müttəfiq ölkələrlə, həm də təmsil olunduğu beynəlxalq təşkilatlarla inteqrasiya sahəsində əməkdaşlığı daha da artırmalıdır. Azərbaycana qarşı təhdidlərin öhdəsindən gəlmək üçün Türk Dövlətləri Təşkilatları çərçivəsində tək iqtisadi, humanitar, mədəni məsələləri deyil, eyni zamanda müdafiə, təhlükəsizlik, hərbi məsələləri də müzakirə etməliyik. Bunu müasir dövrdə üzləşdiyimiz təhdidlər bizdən tələb edir”.