“Qalatasaray” Bakıya məğlubiyyətlə gəlir
Türkiyə Super Liqasında XXVI tura start verilib.
“Turanın səsi ” in məlumatına görə, açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” evdə “Qalatasaray”la qarşılaşıb. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb – 2:1.
Hesabı 31-ci dəqiqədə qonaqlardan Miloş Raşitsa açıb. Meydan sahibləri 62-ci dəqiqədə Soner Dikmenin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Oğulcan Ülgün Konya təmsilçisinə qələbə qazandıran qolu vurub.
Matça start heyətində başlayan Emreli 79-cu dəqiqədə məhz Ülgünlə əvəzlənib. 26 yaşlı hücumçu 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Emrelinin komandası bu qalibiyyətlə rəqibin 14 oyunluq qələbə seriyasına son qoyub.
Bu nəticədən sonra xallarını 34-ə çatdıran “Konyaspor” 8-ci pillədə qalıb. “Qalatasaray” isə 60 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, “Qalatasaray” martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la xeyriyyə oyunu keçirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI