Nazirlik: “Rentgen və KT müayinələri üçün yalnız xüsusi icazəsi olan xəstəxanalara müraciət edilməlidir”
“Rentgen və KT müayinələri üçün yalnız xüsusi icazəsi olan xəstəxanalara müraciət edilməlidir”.
“Turanın səsi ” xəbər verir ki, bu barədə rentgen və kompüter-tomoqrafiya müayinələrinin təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əhaliyə ünvanladığı müraciətdə bildirilir.
Qeyd olunub ki, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizəsi məqsədilə respublika ərazisində ionlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən radiasiya təhlükəsizliyinin təmin edilməsi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən müntəzəm şəkildə nəzarətdə saxlanılır.
Bu çərçivədə müvafiq fəaliyyət növünə aid edildiyi üçün ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına “xüsusi icazə” tələb olunur. Belə icazələr ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər təmin edildiyi halda verilir.
Qeyd edək ki, tibb müəssisələrində mövcud olan rentgen və kompüter-tomoqrafiya aparatları bu kimi qurğulara daxil olduğundan yalnız xüsusi icazəsi olan müəssisələrin təqdim etdikləri bu tibbi xidmətlər təhlükəsiz və etibarlı hesab olunur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, radiasiya təhlükəsizliyinin təmin edilməsi və sağlamlığın qorunması məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız müvafiq “xüsusi icazə”yə malik tibb müəssisələrinə müraciət edilməsini tövsiyə edir. Belə icazələr verilmiş tibb müəssisələrinin siyahısı ilə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalında (https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000) tanış olmaq, yaxud belə icazənin mövcudluğunu sübut edən müvafiq sənədi bu kimi tibbi xidmət üçün müraciət edilən tibb müəssisəsindən tələb etmək olar.
Həmçinin, Fövqəladə Hallar Nazirliyi bir daha xatırladır ki, tibb müəssisələri ionlaşdırıcı şüa mənbələri olan qurğulardan yalnız qanunvericiliyə uyğun olaraq xüsusi icazə əsasında istifadə edə bilərlər. Əks halda, həmin müəssisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI