Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 19-da Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçeklə görüşüb. Spiker Sahibə Qafarova səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə qonağı təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.
Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirən Milli Məcisin sədri qeyd edib ki, bu illər ərzində Azərbaycanla Çexiya arasında dostluq əlaqələri uğurlu inkişaf yolu keçib. Ölkələrimiz arasında əməkdaşlığa dair bir çox sənədlər imzalanıb ki, bunların sırasında Strateji tərəfdaşlığa dair bəyannamə də vardır. Sahibə Qafarova bildirib ki, münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, xüsusilə, dövlət başçılarının səfərlərinin mühüm rolu olmuşdur.
Milli Məclisin sədri ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyini, siyasi, iqtisadi, humanitar sahələrdə uğurlu əməkdaşlıq olduğunu bildirib. O, parlamentlər arasında münasibətlərin bu əlaqələrin mühüm bir istiqamətini təşkil etdiyini diqqətə çatdırıb. Sahibə Qafarova dostluq qruplarının fəaliyyətini qeyd edərək, qanunverici orqanlar arasında münasibətlərin inkişafına diqqət yetirməyin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu münasibətlər həm xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir, həm də ölkələr arasında münasibətlərin inkişafına töhfə verir.
Parlamentin sədri 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı qələbə, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və torpaqlarımızın işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun illər kağız üzərində qalması və icra olunmaması, bu sənədlərin Azərbaycanın öz gücü hesabına həyata keçirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra regionda yeni yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən geniş bərpa və quruculuq işləri barədə geniş məlumat verib. O, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur. Ermənistan hələ də öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb, ərazilərimizi minalamaqda davam edir, həmçinin regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır.
Milli Məclisin sədri xüsusilə diqqətə çatdırıb ki, üçtərəfli bəyanatın müddəalarını pozmaqda davam edən Ermənistan iki ildən artıqdır ki, Laçın yolundan hərbi məqsədlər üçün istifadə edir, mina, sursat, hərbi qüvvə və Azərbaycan ərazilərindən talan edilmiş təbii sərvətlərin daşınması ilə məşğuldur. Buna cavab olaraq, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloji fəallar Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirirlər. Azərbaycan vətəndaşlarının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətə, habelə təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəsinə etirazları Azərbaycan vətəndaşlarının qanuni hüququdur. Spiker qeyd edib ki, etirazçıların haqlı tələbləri yerinə yetirilməlidir. Təəssüflər olsun ki, Ermənistan həmişə olduğu kimi, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün Laçın yolunda baş verənləri manipulyasiya edir və yalan məlumatlar əsasında guya yolun bağlandığını iddia edir. Onun sözlərinə görə, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərinin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması ilə bağlı bu bəyanatlar tamamilə əsassızdır. Laçın yolu mülki şəxslərin və mülki yüklərin keçidi üçün açıqdır və hər gün bu yolla onlarla texnikanın, sülhməramlı kontingentin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Ermənistanın təcili tibbi yardım maşınlarının keçməsi erməni tərəfinin əsassız iddialarını təkzib edir.
Səmimi qəbula görə, minnətdarlığını bildirən səfir Milan Sedlaçek qeyd edib ki, onun əsas məqsədi ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verməkdir. O, xüsusilə, iqtisadi sahədə əlaqələrə diqqət yetirdiyini bildirib. Səfir diplomatik münasibətlərimizin 30-cu ildönümü ilə bağlı müxtəlif tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Milan Sedlaçek Azərbaycanla Çexiya arasında müxtəlif sahələrdə, o cümlədən, enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini, ticarət dövriyəsinin artdığını qeyd edib. O, parlamentlər arasında da əməkdaşlığın önəmini vurğulayaraq, qarşılıqlı səfərlərin bu əlaqələrin inkişafına töhfə verə biləcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
⤵️
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09