Asiya Parlamentlərarası Assambleyasının tədbirlərində
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə işgüzar səfər edib.
“Turanın səsi ” xəbər verir ki , Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin üzvləri – Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədov APA-nın daimi komitələrinin iclaslarında və plenar sessiyada iştirak ediblər.
Deputatlarımızın iştirakı ilə keçirilən Sosial və Mədəni məsələlər üzrə Daimi Komitənin iclasında “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni dəyərlərin qorunması ilə bağlı tədbirlər haqqında”, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsi ilə Asiyada inteqrasiya prosesləri haqqında”, “Asiyada səhiyyə sahəsində bərabərliyin təmin edilməsi üzrə əməkdaşlıq haqqında”, “Asiya parlamentariləri korrupsiyaya qarşı”, “Asiya Parlamentlərarası Assambleyası qadın parlamentariləri haqqında” və bir sıra digər məsələlər haqqında qətnamə layihələri müzakirəyə çıxarılıb.
Assambleyanın Siyasi məsələlər üzrə Daimi Komitəsinin iclasında isə “Asiya Parlamentinə doğru”, “Yaxşı idarəetmə haqqında”, “Qanunun aliliyi və məhkəmə hakimiyyəti haqqında”, “Yaxşı parlament təcrübələri” və digər məsələlər haqqında qətnamə layihələrinə dair müzakirələr aparılıb.
Assambleyanın İqtisadiyyat və Davamlı inkişaf üzrə Daimi Komitəsinin iclasında isə “Enerji bazarının yaradılması və ekoloji məsələlər”, “Maliyyə məsələləri və yoxsulluğun aradan qaldırılması”, “Davamlı inkişaf məqsədinin həyata keçirilməsinə dəstəkdə APA parlamentarilərinin rolu” və bir sıra digər məsələlər haqqında qətnamə layihələri ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri daimi komitələrdə müzakirə olunan mövzularla bağlı müvafiq çıxışlar edib və təkliflərini səsləndiriblər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva APA-nın Sosial və Mədəni məsələlər üzrə Daimi Komitəsinin sədri və təşkilatın fəaliyyətdə olan sədrinin müavini vəzifəsinə seçilib.
Qeyd edək ki, Plenar Sessiya Antalya Bəyannaməsinin qəbulu ilə öz işini başa çatdırıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09