2023-cü ildə dolların məzənnəsinin dəyişəcəyi halda baş verəcək təsirləri açıqlayıb
Güclü ABŞ dolları inkişaf etməkdə olan ölkələr üçün onsuz da qeyri-müəyyən olan proqnozu çətinləşdirsə də, onun son dövrlərdə zəifləməsi ağır zərbələrə məruz qalan borc alan dövlətlərə təzyiqləri bir qədər azalda bilər.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
“Hazırda 2023-cü ildə ödəmə müddəti başa çatan inkişaf etməkdə olan ölkələrin korporativ borclarının 80 %-i dollarla ifadə edilir və belə dövlətlərin təxminən, 24 %-i “BB+” və ya daha aşağı reytinqə malikdir. Dolların məzənnəsi möhkəm qalmaqda davam edərsə, bu, kapital axınının və yenidən maliyyələşdirmə riskinin kəskin artmasına səbəb ola bilər”, – reytinq agentliyinin hesabatında qeyd edilib.
“S&P”inin ekspertlərinin fikrincə, Avropada dolların möhkəmlənməsi inflyasiya təzyiqlərini artıra bilər. Yəni, daha çox ABŞ dolları ilə alınan bahalı enerji fonunda Avropa ölkələrinin valyutalarının ucuzlaşması inflyasiyanın artırmasına səbəb olur. Üstəlik, bu, Avropa Mərkəzi Bankının qiymətləri sabitləşdirməsini çətinləşdirir.
“Bizim hesablamalarımıza görə, avronun dollara nisbətdə ucuzlaşması avrozonada inflyasiyaya təxminən, yarım faiz bəndi əlavə edib və ev təsərrüfatlarının istehlakını bu səviyyədə azaldıb. Ümumilikdə, ABŞ-da faiz dərəcələrinin yüksəlməsi perspektivi dolları dəstəkləyə və digər mərkəzi bankları daha aqressiv faiz artımlarına müqavimət göstərməyə vadar edə bilər. Eyni zamanda dolların kəskin ucuzlaşması nəticəsində problemlərin yaranması mümkündür. Dolların digər əsas valyutalara nisbətən son zamanlar zəifləməsi bazarda volatilliyi artırmasa da, bu mənada sürətli və ya qeyri-müntəzəm dönüş maliyyə bazarlarında dalğalanmalara səbəb ola və şirkətlər, investorlar üçün problemlər yarada bilər”, – hesabatda vurğulanılıb.
“S&P” analitikləri hesab edirlər ki, mərkəzi bankların inflyasiyanı azaltmaq səyləri faiz dərəcələrinin daha da yüksək olmasına ehtiyac duyulduğunu göstərir: “Hesab edirik ki, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsi 2023-cü ilin ikinci rübündə 5-5,25 %, Avropa Mərkəzi Bankının uçot dərəcəsi isə birinci rübdə 2,25 %-lik göstərici ilə ən yüksək zirvəyə çatacaq”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib. USD/AZN məzənnəsinin azı 2026-cı ilə qədər bu səviyyədə qalacağı gözlənilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09