Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb. Sentyabrın 6-da saat 1 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsində yolu keçən Qazax rayon sakini Z.Mustafayeva müəyyən edilməyən avtomobillə vurulub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Honda” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini İ.Şıxəliyev saxlanılıb. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.