Milli Məclisin iclasında

0

Dekabrın 20-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. 

Turanın səsi” xəbər verir ki , Cari məsələlərin müzakirəsi zamanı çıxış edən parlamentin komitə sədri Səməd Seyidov, deputatlardan Musa Qasımlı, Azay Quliyev, Mahir Abbaszadə, Sahib Alıyev, Elman Nəsirov, Kamal Cəfərov, Vahid Əhmədov, Jalə Əliyeva, Tural Gəncəliyev Korsikada baş verən hadisələrə toxunaraq, Fransanın bu bölgəsində demokratik normalar, insan haqları, qanunun aliliyi ilə bağlı dəyərlərin pozulduğunu, hüquq-mühafizə orqanları vasitəsi ilə buradakı vətəndaşlara qarşı zor tətbiq edildiyini bildiriblər. Deputatlar Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatçılarını dəstəklədiyini, digər tərəfdən öz ərazisində yaşayan insanlara qarşı cinayət əməlləri törətdiyini diqqətə çatdırıblar. Bu məsələnin bütün beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında qaldırılaraq, geniş ictimaiyyətin diqqətinə çatdırılmasının, Fransanın Korsikada insanlara qarşı repressiyalarına son qoyulmasının vacibliyini söyləyiblər.

Millət vəkilləri Azərbaycana ikili standartlarla yanaşıldığını, qərəzli iddiaların irəli sürüldüyünü deyərək, bu gün güclü Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini, bu ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirildiyini vurğulayıblar. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyini Qələbədən sonra imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının icra edilmədiyini bildiriblər. Deputatlar Ermənistan silahlı qüvvələrinin hələ də Qarabağ ərazisindən çıxarılmadığını, burada hərbi təxribatların törədildiyini, kommunikasiyaların açılmasına əngəllər yaradıldığını qeyd ediblər. Bildirilib ki, Qarabağda Azərbaycana məxsus təbii sərvətlərin qanunsuz istifadəsi, ekologiyaya ziyan vurulması və digər bu kimi faktlar ölkəmizə qarşı iqtisadi cinayətlərin davam etdirilməsi kimi qiymətləndirilməlidir. 

Deputatlar son günlərdə ölkə Prezidenti İlham Əliyevin Türkmənistana səfəri, burada keçirilmiş Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünü, aparılan müzakirələri, imzalanmış mühüm sənədləri yüksək qiymətləndiriblər. Bununla yanaşı, Azərbaycan dövlət başçısının Rumıniyaya səfəri zamanı  imzalanmış  “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əhəmiyyətini vurğulayıblar.

Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 60 məsələ daxil edilib. Birinci məsələ Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqındadır. 

Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. O, çıxışında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci ildə görülən işlərdən danışarkən, ötən ilin xalqımızın tarixinə Vətən müharibəsindən sonra hərtərəfli bərpa və quruculuq işlərinə start verilməsi mərhələsi kimi daxil olduğunu qeyd edib.  “Böyük Qayıdışa dair Dövlət  Proqramı” çərçivəsində həyata keçiriləcək genişmiqyaslı layihələrin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına şərait yaradacağını söyləyib. Bildirib ki, Laçın İcma Resurs Mərkəzinin, Füzuli və Zəngilanda ailə mərkəzlərinin yaradılması planı ərazilərə qayıdacaq soydaşlarımızın diqqət və qayğı ilə əhatə olunmasına xidmət edəcək. 

Komitə sədri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsi tərəfindən 2022-ci ildə Azərbaycan Hökumətinin 6-cı dövri hesabatı üzrə təqdim edilmiş Yekun müşahidələrində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əldə olunan tərəqqini, gender bərabərliyinin təşviqi sahəsində irəliləyişləri qeyd edib. Bildirilib ki, 2021-ci ildə Dövlət Komitəsi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşviq edilən təkliflərdən biri  atalar üçün ödənişsiz məzuniyyət hüququnun müəyyən edilməsi olub. Digər məsələ qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin siyahısına yenidən baxmaq və bununla əlaqədar normaların beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə bağlı olub və bununla əlaqədar olaraq Əmək Məcəlləsinə müvafiq dəyişikliklər qəbul olunub. 

Bahar Muradova diqqətə çatdırıb ki, 2021-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə yönəlik zəruri alət və mexanizmlərin inkişafı istiqamətində mühüm addımlar atılıb. Regionlarda Uşaq Ailə Dəstək Mərkəzlərinin yaradılması diqqətdə saxlanılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.

Bildirilib ki, hesabat dövründə Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyəti şaxələndirilmiş, onların təşkilatçılığı ilə beynəlxalq qurumlarla əməkdaşlıq, cinsi ayrı-seçkiliklə mübarizə üsulları, müxtəlif mövzularda təlim kursları və maarifləndirmə işləri həyata keçirilib. Yerlərdə qadınların seçkili orqanlarda təmşilçiliyini gücləndirmək üçün 2021-ci ildə bələdiyyələrdə yaradılmış Gender komissiyalarının nümayəndələri üçün müxtəlif mövzularda təlimlər keçirilib. Ötən il Qadın Resurs Mərkəzlərinin fəaliyyəti daha da genişləndirilib,  Göyçay və Tovuz rayonlarında yeni Qadın Resurs Mərkəzləri, Füzuli, Tərtər və Ağcabədi rayonlarında isə İcma Resurs Mərkəzləri yaradılıb.

Qeyd olunub ki, hesabat dövründə Dövlət Komitəsi media və İKT resurslarında  fəaliyyətini daha da genişləndirib. “Valideyn nəzarəti və internet təhlükəsizliyi” resursunun fəaliyyəti bərpa edilib. Komitənin veb səhifəsində  “Məişət zorakılığı” adlı xüsusi bölmə yaradılıb və “860” saylı qaynar xətti əlavə edilib. Bununla yanaşı, ötən il beynəlxalq və yerli tərəfdaşlarla birgə çoxsaylı layihələr icra edilib, seminarlar, təlimlər, onlayn görüş və vebinarlar keçirilib. 

Komitə sədri hesabat ilində dövlət orqanları tərəfindən məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilmiş tədbirlərin “Milli Fəaliyyət Planı”na uyğun aparıldığını söyləyib, bir sıra rəqəmləri səsləndirib. O, məişət zorakılığı ilə mübarizə sahəsində işlərin gücləndirilməsi məqsədilə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində “Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya” şöbəsinin fəaliyyətə başladığını deyib. Bahar Muradova  təhsildən yayınma hallarının qarşısının alınması sahəsində görülmüş tədbirlərdən, cins seçimi məsələsinin aktuallığından da danışıb. 

Bildirilib ki, gender bərabərliyi baxımından qanunverici, icra, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarında, habelə sosial, diplomatik, aqrar, iqtisadi və digər sahələrdə müsbət və sabit tendensiyalar mövcuddur. Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi məlumata görə, test imtahanlarında uğur əldə edən şəxslərin yaş qrupu üzrə bölgüsündə əsasən qadın namizədlərin yüksək nəticə əldə etdikləri müşahidə olunur. Müsahibələrdə uğur əldə edən və təyinat alan şəxslər arasında 18-24 yaş qrupu üzrə qadınların irəlidə olduğu göstərilir. Bu göstəricilər ali məktəbləri bitirən qadınların dövlət qulluğuna marağının artmasını, kişilərlə qadınlara bərabər imkanların yaradılmasını nümayiş etdirir. Ümumilikdə isə əldə olunan nəticələrə əsasən, əvvəlki illərə nisbətən dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların rolunda və iştirakında artım müşahidə olunur. 

Bahar Muradova gender bərabərliyinin təmin edilməsinin davamlı inkişaf üçün zəruri olduğunu da qeyd edib. O, 2021-ci ildə ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayının qadınların sayına nisbətən çox olduğunu, işsizliyin səviyyəsinin qadınlar arasında 58%, kişilər arasında 42% təşkil etdiyini deyib. Komitə sədri kişilərlə qadınların orta aylıq əmək haqları arasındakı fərqin azaldığını, bu istiqamətdə irəliləyiş olduğunu söyləyib. O, müxtəlif fəaliyyət növləri üzrə sahibkarların gender bölgüsü ilə bağlı göstəriciləri səsləndirib. Komitə sədri elm və təhsil sahəsində qadınların rolu, iştirakı və üstün təmsilçiliyindən danışıb, kişilərlə bərabər qadınların da təhsilin bütün pillələrində fəal iştirakını təqdir edib.

O, bildirib ki, ölkədə gender bərabərliyinin təmin olunması sahəsində dövlətin vəzifələrinin   icrasına təsir göstərən amillərdən biri də siyasi partiyaların, QHT-lərin və Həmkarlar ittifaqlarının üzərinə qoyulan öhdəliklərə münasibətdir. Milli Məclis tərəfindən cari ildə  qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanun qadınların siyasi müstəvidə daha fəal olmalarını təmin edəcək.

Komitə sədri qeyd edib ki, 2021-ci il üzrə məlumatların təhlili belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycanda gender bərabərliyi sahəsində müsbət tendensiyalar formalaşmağa başlayıb və bəzi hallarda bu trendlər qlobal göstəriciləri üstələyir. O, gender bərabərliyinin təmin edilməsi sahəsində proseslərin dinamikasına impuls vermək üçün mövcud boşluqların aradan qaldırılması və ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu söyləyib, bununla bağlı təklifləri səsləndirib.

Sonra iclasda parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O, təqdim edilən məlumatın geniş və əhatəli hazırlandığını deyib. Bildirib ki,  qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir. 

Komitə sədri qeyd edib ki, aparılan təhlillərə əsasən, müxtəlif sahələrdə qadın və kişilərin təmsilçiliyində dinamika müşahidə olunur. Hətta ölkəmiz bəzi  indikatorlar  üzrə  qlobal göstəriciləri belə, qabaqlayır. Bununla yanaşı, bəzi narahat edən məsələlər də mövcuddur. Belə ki, ölkədə hələ də erkən nikah halları var, doğulan uşaqlar arasında cinsi ayrı-seçkilik  mövcuddur. O, bu istiqamətdə lazımi tədbirlərin görülməsinin vacibliyindən danışıb. 

Hicran Hüseynova bildirib ki, Azərbaycanda bir sıra normativ hüquqi aktlar, tədbirlər planları qəbul edilib. O cümlədən, “Əmək pensiyaları” və “Sosial müavinətlər” haqqında  qanunlara edilmiş dəyişikliklər gender bərabərliyinin təmin olunması sahəsində mühüm əhəmiyyət  kəsb edir. Əmək Məcəlləsində edilən dəyişikliklərə əsasən isə, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə və iş yeri azaldılaraq 204  müəyyən edilib. Bununla yanaşı, atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin  edilməsi ilə bağlı  təkliflər verilib. 

O, Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin rayonlarda insanlara yardım göstərməsini təqdirəlayiq hesab edib. Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığının, bununla bağlı icra mexanizmlərinin daha da təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb.

Milli Məclisin komitə sədri İllik Məlumatda  ölkədə gender bərabərliyinin təmin olunması ilə bağlı əldə edilmiş uğurların əks olunduğunu, qarşıda dayanan vəzifələrin müəyyən edildiyini söyləyib. Qeyd edib ki, sənəd onun rəhbərlik etdiyi Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədrləri Qənirə Paşayeva, Zahid Oruc, deputatlardan Vüqar Bayramov, Aydın Mirzəzadə, Fazil Mustafa, Etibar Əliyev, Fəzail Ağamalı çıxış ediblər. Deputatlar məlumatda əks olunan ayrı-ayrı məsələlərlə bağlı fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qaldırılan məsələlərə aydınlıq gətirib, verilən sualları cavablandırıb.

Milli Məclisin sədri Sahibə Qafarova İllik Məlumatın yüksək səviyyədə hazırlandığını, Dövlət Komitəsinin qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirdiyini bildirib.

Müzakirələrin yekununda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı nəzərə alınıb.

Sonra parlamentin spikeri diqqətə çatdırıb ki, gündəliyin növbəti 48 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. O, bildirib ki, ikinci məsələ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsidir.

Məsələ ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov birinci və ikinci oxunuşda sənədə dair hər hansı qeyd və təklifin daxil olmadığını deyib. O, layihədə qeyd olunan hər iki medalın “ASAN xidmət”in 10 illik yubileyi ilə əlaqədar təsis edildiyini söyləyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova qeyd edib ki, növbəti 47 məsələ ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. O, bildirib ki, bu qanun layihələri “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırlanıb və elektron xidmətlərin daha da genişləndirilməsinə, vətəndaş məmnunluğunun artırılmasına yönəlib. Spiker qanun layihələrinə Milli Məclisin 10 komitəsində baxıldığını deyib.

Sonra həmin qanun layihələri parlamentin aidiyyəti komitələrinin təqdimatında diqqətə çatdırılıb.

 İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, layihəyə dair heç bir qeyd və təklifin daxil olmadığını bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 4-cü məsələdən başlayaraq 21-ci məsələyədək olan sənədləri – “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”,  “Maliyyə-sənaye qrupları haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunlarda,  Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, “Avtomobil yolları haqqında” Qanunda, Vergi Məcəlləsində, “Banklar haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda təqdim edib. 

O, bildirib ki, həmin layihələrdə dövlət-vətəndaş, dövlət-sahibkar münasibətlərində tələb olunan sənədlərin elektron informasiya sistemləri vasitəsi ilə əldə olunması ilə bağlı məsələlər   ehtiva olunur. Birinci və ikinci oxunuşlarda layihələrlə bağlı hər hansı irad və təklif daxil olmayıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov 22-ci məsələdən başlayaraq, növbəti 16 məsələ barədə üçüncü oxunuşda məlumat verib. O, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Pasportlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunlarda , Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, “Yol hərəkəti haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də,  Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “İnzibati icraat haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanunlarda, Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinin  birinci və ikinci oxunuşlarında hər hansı təklif və iradın olmadığını bildirib. 

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev 38-ci və 39-cu məsələlər – “Seleksiya nailiyyətləri haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələri ilə bağlı məlumatında  sənədlərin əvvəlki iki oxunuşda müzakirələri zamanı heç bir irad və təklifin daxil olmadığını deyib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov  40 – 42-ci məsələləri – “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini təqdim edərək, hər üç sənədin komitədə yekdilliklə dəstəkləndiyini söyləyib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım növbəti məsələ – “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə əlaqədar komitənin müsbət rəy verdiyini bildirib. 

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)  ilə bağlı məlumatında sənədə dair heç bir dəyişiklik və əlavənin olmadığını deyib.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev 45-ci məsələ – “Elektron imza və elektron sənəd haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edərək, komitənin sənədə dair müsbət rəy verdiyini qeyd edib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı komitənin müsbət fikir bildirdiyini söyləyib.

Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov gündəliyin 47 – 49-cu məsələləri  barədə danışıb. O, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş), “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrinin komitə tərəfindən dəstəkləndiyini bildirib.

Deputat Fəzail Ağamalı bəzi qeydlərini səsləndirdikdən sonra təqdim olunan qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra spiker Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin ikinci oxunuşda olan qanun layihələri olduğunu diqqətə çatdırıb. Həmçinin bildirib ki, gündəliyin növbəti üç – 50-ci məsələsi olan “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə, 51-ci məsələsi olan  İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və 52-ci məsələsi olan “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-biri ilə bağlıdır. Qanun layihələrinə Milli Məclisin iki komitəsində baxıldığını deyən spiker 50-ci və 52-ci məsələlərə dair ümumi məlumat, 51-ci məsələyə dair komitənin rəyini təqdim etmək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyevə söz verib.  

Komitənin müsbət rəyini diqqətə çatdıran Elnur Allahverdiyev bildirib ki, “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində radiotezlik resurslarının müddətli (10 il müddətinə) ayrılması, radiotezliklərdən istifadənin əsaslarının müəyyən olunması nəzərdə tutulub.

 “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində isə “Telekommunikasiya haqqında” qanuna uyğun olaraq, terminlərin dəqiqləşdirilməsi təklif olunub.

Məsələ ilə bağlı iclasda Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədovun, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Elvin Məmmədovun və nazirliyin Dövlət Radiotezliklər İdarəsinin rəisi İlham Əhədovun iştirak etdiyini diqqətə çatdıran spiker 52-ci məsələyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də baxıldığını deyib və məlumat vermək üçün komitənin üzvü Nizami Səfərova söz verib. 

51-ci məsələyə dair Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müsbət rəyini təqdim edən Nizami Səfərov müzakirəyə təqdim olunan qanun layihəsində heç bir dəyişikliyin aparılmadığını bildirib.

Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra parlamentin spikeri bildirib ki, gündəliyin 53-cü və 54-cü məsələləri də  cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-biri ilə bağlı qanun layihələridir. Ona görə də qanun layihələri ilə bağlı məlumatlar birgə təqdim olunub.

Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, qanun layihəsi mobil cihazların qeydiyyatının aparılmasının hüquqi əsaslarını müəyyən edir.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov isə diqqətə çatdırıb ki, qanun layihəsi ilə bağlı heç bir təklif daxil olmayıb və komitənin rəyi müsbətdir.

Qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev komitəsinin müsbət rəy verdiyini deyib.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyulub və ikinci oxunuşda qəbul olunub.

Gündəliyin 55-ci məsələsi olan Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva məlumat verib. O, bildirib ki, qanun layihəsi ilə bağlı heç bir təklif, irad bildirilməyib və sənədin səsə qoyulmasını xahiş edib. 

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitələrinin məsələ ilə bağlı müsbət rəylərini diqqətə çatdırıblar.

Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, bununla da iclasın gündəliyinin ikinci oxunuşda olan  qanun layihələri sona çatıb, qalan beş məsələ isə birinci oxunuşda olan qanun layihələridir. Gündəliyin növbəti 4 məsələsi isə cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Bu qanun layihələri İKT ilə bağlı məsələlərin tənzimlənməsinə yönəlib. Bunlar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında,  Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə birinci oxunuşda olan qanun layihələridir. Spiker diqqətə çatdırıb ki, qanun layihələrinə Milli Məclisin üç komitəsində baxılıb və həmin komitələrin layihələrlə bağlı məlumatlarını  bir yerdə dinləməyi təklif edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihələri barədə ümumi məlumat verərək deyib ki, cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə təklif olunan dəyişikliklər Azərbaycanda İKT-nin inkişafında yeni bir səhifə açır. Azərbaycanda da bu sahəyə göstərilən yüksək dövlət qayğısını qeyd edən komitə sədri dünyada və  regionda İKT mütəxəssislərinin cəlb edilməsi ilə bağlı böyük rəqabətin mövcud olduğunu vurğulayıb. Dünyada İKT sahəsində son vaxtlar tətbiq olunan stimullaşdırıcı proqramların, güzəştlərin istər-istəməz Azərbaycana da təsir etdiyini bildirən komitə sədri qanun layihələrində İKT sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi, ölkədə rəqəmsal inkişafın təşviq edilməsi, xarici investisiyaların, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi üçün 1 yanvar 2023-cü il tarixdən 10 il müddətinə nəzərdə tutulan mühüm vergi, sosial və miqrasiya güzəştləri barədə məlumat verib.

Bildirilib ki, texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektləri də parkın rezidentləri sayılacaq, rezident şəhadətnaməsi alan “sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi” fəaliyyəti ilə məşğul olan sahibkarlar mənfəət (20%) və gəlir(14%) vergisindən tam azad ediləcəklər. Eyni zamanda, bu sahibkarlar üçün mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan divident vergisi (10%) ləğv ediləcək.

Bundan başqa, bu sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərə, əcnəbilərə və ya vətəndaşlığı olmayanlara gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqlarından azadolmalar nəzərdə tutulub.

Spiker bildirib ki, Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də baxılıb. Milli Məclisin sədri birinci vitse-spiker Əli Hüseynliyə rəhbərlik etdiyi komitənin layihə ilə bağlı rəyini bildirmək üçün söz verib. O, layihənin əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi almaqdan azad edilməsi ilə bağlı olduğunu qeyd edərək, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sənədə müsbət rəy verdiyini bildirib. 

Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklərlə bağlı komitəsinin rəyini təqdim edib.

O, bildirib ki, qanun layihəsi texnologiyalar parkında müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi, həmçinin sahibkarlıq subyektlərinin və yüksək ixtisaslı peşəkar muzdlu işçi qüvvəsinin bu sahəyə axınının təmin edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində güzəştlərin verilməsi məqsədi ilə hazırlanıb. Qanunun müvafiq müddəalarına təklif olunan dəyişikliklərin mahiyyəti və məzmunu barədə məlumat verən komitə sədrinin müavini vurğulayıb ki, “Sosial sığorta haqqında” Qanuna əlavə olunması təklif edilən 14.8-ci maddəyə əsasən, texnologiyalar parkının rezidenti tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən işçilər məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq ya minimum aylıq əmək haqqı məbləğinin dörd misli miqdarından, ya da muzdlu işdən əldə edilən gəlirlərdən ödəyə biləcəklər.

Qanun layihələrinin müzakirəsində deputatlar Nigar Arpadarai, Elşad Mirbəşir oğlu, Etibar Əliyev, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Rüfət Quliyev çıxış ediblər, rəy və təkliflərini səsləndiriblər. Komitə sədri Tahir Mirkişili səslənən fikirlərə  münasibət bildirib.

Parlamentin sədri müzakirəyə çıxarılan qanun layihələri ilə bağlı iclasda iştirak edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədova səslənən suallara işçi qaydada baxmağı təklif edib.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Spiker iclasın son məsələsi olan “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib.

Məsələ ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, Azərbaycanda Ali Məhkəmənin əsasnaməsinin hazırlanması və Ali Məhkəmənin yaranması tarixinə nəzər salıb və qanun layihəsinin qanunvericiliyə uyğun hazırlandığını bildirib. Sənədin müzakirəsində deputat Tahir Kərimlinin qeydinə vitse-spiker Əli Hüseynli münasibət bildirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir