“Maraqlar toqquşması haqqında” yeni qanun layihəsi hazırlanıb

Oktyabrın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclası keçirilib.

“turaninsesi.az” İclası açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu mübarizənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi və hüquqi əsaslarının müasir tələblərə uyğun təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. O, korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazasının davamlı şəkildə gücləndirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək qanun layihəsinin dövlət idarəçiliyində şəffaflığın artırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə risklərinin azaldılması və ictimai mənafenin qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev maraqlar toqquşmasının hüquqi tənzimlənməsinin dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın gücləndirilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və dövlət institutlarına ictimai etimadın möhkəmləndirilməsi baxımından vacib olduğunu bildirib. Onun sözlərinə görə, qanun layihəsi korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı hüquqi mexanizmlərin gücləndirilməsinə, ictimai mənafenin qorunmasına və dövlət idarəçiliyində dürüstlük prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir.

Arzu Paşaqızı