Sahibə Qafarova Bişkekdə “Ata-Beyit” Memorial Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 19-da Bişkekdə “Ata-Beyit” Milli Tarixi Memorial Kompleksini ziyarət edib.


Spiker Sahibə Qafarova abidənin önünə əklil qoyub.
Qonaqlara məlumat verilib ki, “Ata-Beyit” Milli Tarixi Memorial Kompleksi 2000-ci ildə Qırğız dövlətinin inkişaf mərhələlərinin tarixi yaddaşının bərpa edilməsi və qorunub saxlanması məqsədilə tikilib istifadəyə verilib. Bu memorial, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” – Ataların məzarlığı adlandırılıb. Kompleks üç hissədən – memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.
Azərbaycan nümayəndə heyəti, həmçinin Bişkekdə Çingiz Aytmatovun ev-muzeyində də olub. Burada qonaqlara məlumat verilib ki, muzey 1986-cı ildən yazıçının ömrünün son illərini yaşadığı evdə yerləşir və 2014-cü ildə istifadəyə verilib.
Milli Məclisin sədri burada Çingiz Aytmatovun kiçik oğlu, Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov ilə görüşüb.

Arzu Paşaqızı