Sahibə Qafarova Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb
Oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (AQEM) Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonağın Bakıda keçiriləcək AQEM-in Zirvə görüşündə iştirakının əhəmiyyətindən danışan Milli Məclisin sədri Laosun bu platformada təmsil olunmasının yüksək qiymətləndirildiyini qeyd edib. Bu səfərin Laos dövlət başçısı səviyyəsində ölkəmizə ilk rəsmi səfər olduğunu vurğulayan spiker Sahibə Qafarova onun ikitərəfli münasibətlərdə yeni səhifə açacağına inamını ifadə edib.
Söhbət zamanı ali səviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Bu baxımdan qonağın Prezident İlham Əliyevlə görüşlərinin, aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.
Arzu Paşaqızı