Pensiya sistemində yeni islahatlar sosial ədalət və həmrəylik prinsiplərini gücləndirir
Sentyabrın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsi və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclası keçirilib.
İclasda “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunub.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihəni təqdim edərkən deyib ki, Azərbaycanda əmək pensiyaları sistemi sığorta prinsipləri, yəni şəxsin topladığı pensiya kapitalı əsasında pensiya məbləğinin formalaşması mexanizmi əsasında fəaliyyət göstərir.
Bununla belə, əmək pensiyaları sistemində sosial sığorta prinsiplərinə əsaslanmayan, pensiyaya çıxarkən əmək haqlarına bağlı olan ödəmələr qalmaqdadır ki, bu da dövlət sektorunda əmək haqqı islahatlarının həyata keçirilməsinə maneələr yaradır və qeyri-bərabər pensiya məbləğlərinin formalaşmasına səbəb olur.
Bu xüsusda sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində addımlar atılır. Müzakirəyə çıxarılan qanun layihəsi də bu istiqamətdə atılan növbəti addımdır. Layihədə dövlət sektorunda həyata keçirilən əmək haqqı islahatları ilə bərabər dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur.

Arzu Paşaqızı