“Sevinənlər də var, narahat olanlar da” – Deputat 5,4 trilyon dollardan danışdı

Türk dövlətlərinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla ümumi daxili məhsulunun 5,4 trilyon dollardan çox olduğu açıqlanıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat yayıb.

O bildirib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə təşkilatın beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb.

Deputatın sözlərinə görə, vahid təşkilatda birləşən Türk dünyasında yaxınlaşma və inkişaf prosesi müşahidə olunur. Azərbaycanın regionda formalaşdırdığı düzənin Türk dünyasının daha da inkişafı üçün yeni imkanlar yaratdığı qeyd edilib.

Vüqar Bayramov bildirib ki, 2,1 trilyon dollar nominal ÜDM-ə malik Türk dünyası geniş və strateji əhəmiyyətli coğrafiyada yeni regional əməkdaşlıq modeli formalaşdırır.

Onun sözlərinə görə, Türk dövlətləri vahid iqtisadi blok olsaydı, alıcılıq qabiliyyəti paritetinə (PPP) əsasən ÜDM-in həcminə görə dünyada 7-ci yerdə qərarlaşardı. Bu halda Türk dövlətlərinin ümumi ÜDM-i 5 trilyon 476 milyard dollar təşkil edərdi.

Deputat əlavə edib ki, PPP nəzərə alınmaqla Türk dünyasında adambaşına düşən ÜDM 31 min dollardan çoxdur.

“Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir. Türk dövlətləri indiki qədər heç vaxt bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da”, – deyə Vüqar Bayramov qeyd edib.

Arzu Paşaqızı