Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
Sentyabrın 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Hicran Hüseynova iclası açaraq, qarşıdakı sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.
Komitə sədri, ilk öncə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, ötən sessiya ərzində komitənin 11 iclası keçirilib, ümumilikdə 15 məsələyə baxılıb, bir ictimai dinləmə təşkil olunub, vətəndaşlarların müraciətləri isə mütəmadi olaraq qəbul edilərək dinlənilib. Bununla belə, hesabat dövründə komitədə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 400-dən artıq ərizə və məktuba, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara baxılıb və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib.

Arzu Paşaqızı