Gömrükdə böyük dəyişiklik –Yeni qaydalar
Gömrük Məcəlləsinə edilən genişmiqyaslı dəyişikliklərlə Azərbaycanda xarici ticarətin sürətləndirilməsinə, sahibkarların inzibati yükünün azaldılmasına və tam rəqəmsal gömrük modelinə keçidə start verilib.
“turaninsesi.az ” xəbər verir ki, yeni tənzimləmə sərhəddə fiziki nəzarətdən əvvəlcədən risk təhlilinə və malların buraxılışından sonrakı audit mexanizminə əsaslanır.
Etibarlı Tərəfdaşlıq və Səlahiyyətli İqtisadi Operatorlar: Qanunvericiliyin tələblərinə riayət edən etibarlı sahibkarlar malları gömrük terminalına aparmadan birbaşa öz ünvanlarında qəbul edə və yola sala biləcəklər. Onların tətbiq etdiyi plomb və eyniləşdirmə vasitələri dövlət tərəfindən tanınacaq.
Elektron Sənədləşmə və Vahid Məkan: Elektron nəqliyyat sənədləri və bəyannamələr təkrar sənəd təqdimatını aradan qaldırır. Ticarətin Asanlaşdırılması Mərkəzləri vasitəsilə bütün logistika və gömrük xidmətləri “vahid məkan” prinsipilə həyata keçiriləcək.
Broker Modelinin Müasirləşdirilməsi: Əvvəlki gömrük brokeri sistemi birbaşa və dolayı təmsilçiliklə əvəz olunub. Dolayısı təmsilçilikdə lisenziyanın reyestr tənzimlənməsi ilə əvəzlənməsi inzibati maneələri ləğv edərək bazarda rəqabəti artırır.
Hədəfli Audit və Şəffaflıq: Kameral və səyyar gömrük auditinin qaydaları dəqiqləşdirilib. Bir bəyannamə üzrə təkrar audit qadağan edilir, planlı yoxlamalar yalnız qeydiyyatlı reyestr əsasında aparılır. Gömrük baxışı və yoxlaması hüquqi baxımdan ayrılaraq təkrar yoxlamalara yalnız əsaslı şübhə olduqda icazə verilir.
Maliyyə Qorunması və Müddətlər: Artıq ödənilmiş gömrük rüsumlarının geri qaytarılması müddəti 1 ildən 3 ilədək uzadılıb. Tranzit təminatı məbləğləri runsual risklərə uyğunlaşdırılaraq vəsaitlərin dövriyyədən əsassız çıxarılmasının qarşısı alınır.
Beynəlxalq İnteqrasiya: Multimodal daşımalarda tək bəyannamə tətbiqi və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) inteqrasiya Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindəki tranzit mövqeyini daha da gücləndirir.
Arzu Paşaqızı