Onlayn sifariş verənlərə XƏBƏRDARLIQ: Gömrük qaydası dəyişdi
Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarında dəyişiklik edilib.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 9 sentyabr 2026-cı il tarixli qərarında bildirilib.
Dəyişikliyin əsas məqsədi fiziki şəxslərin istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, elektron ticarət platformalarından əldə etdikləri malların bəyan edilməsi qaydalarının təkmilləşdirilməsi və elektron xidmət imkanlarının genişləndirilməsidir.
Yeni dəyişikliklə müşayiət olunan və müşayiət olunmayan baqajla gətirilən malların bəyan edilməsi prosedurları bir-birindən fərqləndirilib. Belə ki, müşayiət olunmayan baqajda gətirilən mallar üçün ayrıca sadələşdirilmiş bəyannamə forması müəyyən edilib.
Qərarın tətbiqi ilə gömrük orqanlarına təqdim edilən məlumatların daha dəqiq olması, risklərin daha səmərəli idarə edilməsi və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur.
Dəyişikliklərin vətəndaşların seçim imkanlarını genişləndirəcəyi və gömrük xidmətlərindən məmnunluğun artırılmasına töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
Arzu Paşaqızı