Əliyev-Tokayev görüşü keçirildi
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.
“turaninsesi.az ” xəbər verir ki, dövlət başçısı Qazaxıstan Respublikasının yeni parlamentinə – Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə təbriklərini çatdıraraq qeyd etdi ki, bu, Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlara Qazaxıstan xalqının dəstəyinin növbəti nümunəsi idi.
Qazaxıstan Prezidenti vəzifədaşının göndərdiyi təbrik məktubuna və Azərbaycandan olan müşahidəçilərin bu seçkilərdə fəal iştirakına görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu, münasibətlərimizin dərinləşdirilməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulandı. Nəqliyyat-logistika məsələləri müzakirə olundu, Orta Dəhlizin əhəmiyyətinə toxunuldu, bu istiqamətdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Dövlət başçıları Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinin Bakıda keçiriləcəyinə də toxunublar.
Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.