DTX Hərbi-tibb baş idarəsi indiyədək 327 itkin düşmüş şəxsin genetik identifikasiyasını aparıb
Bu günə qədər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsi 327 nəfər itkin düşmüş şəxsin genetik-identifikasiyasını həyata keçirilib.
“turaninsesi.az” xəbər verir ki, bunu idarənin rəisi, general-mayor Rüfət Əliyev “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
R.Əliyev xatırladıb ki, Azərbaycana qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş şəxslərin axtarışında genetik identifikasiya tədbirləri 2022-ci ildən etibarən aparılır:
“Baş İdarənin genetik araşdırmalar mərkəzinin laboratoriyası dövlət maliyyələşməsi hesabına dünya standartlarına uyğun, müasir texnoloji avadanlıq və cihazlarla təchiz edilib. Laboratoriya müasir texnoloji imkanlara malik olmasına baxmayaraq, genetik-mütəxəssislərin hazırlığı və axtarış-sorğu tədbirlərində tətbiq edilən metodların düzgün seçilməsi və iş prosesində yeni metodların axtarılması kimi amillər genetik-identifikasiya tədbirlərinin səmərəliliyini artırmaq üçün mühüm əhəmiyyət kəsb edir”.
O qeyd edib ki, münaqişədən uzun müddət keçib və aşkar edilmiş məzarlıqlardan götürülmüş sümük nümunələri xüsusilə ətraf mühit faktorları nəticəsində ciddi şəkildə deqradasiyaya məruz qalıb:
“DNT-nin fraqmentasiyası və kimyəvi zədələnmələr genetik profillərin əldə olunmasına ciddi maneələr yaradır. Mütəxəssislər tərəfindən gücləndirilmiş protokolların və digər metodların tətbiq edilməsi sayəsində məhkəmə-tibbi ekspertiza mərhələsində çətin genetik tapşırıqları yerinə yetirmək mümkün olub”.
Arzu Paşaqızı