ABŞ və İran arasında 14 bəndlik memorandum imzalandı
ABŞ və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bəndlik qarşılıqlı anlaşma memorandumu imzalanıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən təsdiqlənib. Tramp Fransa Prezidenti Emmanuel Makron ilə Versal sarayında keçirdiyi görüşdən sonra memorandumun imzalandığını təsdiqləyib.
“Bəli, o imzalanıb. Mən onu Versalda imzaladım”, – deyə ABŞ lideri bildirib.
Reuters-in əldə etdiyi layihəyə əsasən, memorandum ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını, tərəflərin bir-birinin suverenliyinə hörmət etməsini və 60 gün ərzində yekun sülh sazişi üzrə danışıqlar aparılmasını nəzərdə tutur. Sənəddə həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpası, sanksiyaların mərhələli şəkildə yumşaldılması və İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi kimi müddəalar yer alıb.
Qeyd edək ki, bu, 1979-cu il İran İslam İnqilabından sonra Vaşinqton və Tehran arasında imzalanan ən mühüm siyasi sənədlərdən biri hesab olunur.
Arzu Paşaqızı