Parlament komitələrinin birgə iclasında
İyunun 3-də Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasın gündəliyinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda daxil edilib.Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iclası açaraq bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə köçürülən şəxslərin statusunun və onlara göstərilən sosial dəstək mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur. Komitə sədri qeyd edib ki, məcburi köçkünlər uzun illər Azərbaycan dövlətinin xüsusi qayğısı ilə əhatə olunub. O, vurğulayıb ki, onların sosial və digər problemlərinin həlli ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olub.

Arzu Paşaqızı