Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb
Mayın 13-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Slovakiya Milli Şurasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.
Slovakiya Milli Şurasının sədri Rixard Raşi buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Milli Məclisin sədri özünün Slovakiyaya rəsmi səfərini xatırladaraq, həmin səfər zamanı keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. O, Slovakiya Respublikası Milli Şurası sədrinin bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu, bu səfərin parlamentlərarası münasibətlərimizin davamlı şəkildə inkişaf etdiyinin göstəricisi olduğunu diqqətə çatdırıb.




Arzu Paşaqızı