Qaradağda güclü yanğın başlayıb
Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarlardan birində güclü yanğın baş verib.
“turaninsesi.az ” xəbər verir ki, hadisə yerinə çoxsaylı yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Eyni zamanda yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Əraziyə cəlb olunmuş qüvvələr yanğınla mübarizəni davam etdirir. Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub. İlkin məlumata görə hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.
Arzu Paşaqızı