Aqrar siyasət komitəsinin iclasında
Mayın 4-də Milli Məclisin Aqrar siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Tahir Rzayev bildirib ki, gündəliyə iki məsələ daxil edilib.
Komitə sədri əvvəlcə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edib. Qeyd edilib ki, qanun layihəsinə edilən dəyişikliklərin əsas məqsədi əkin və çoxillik əkmələr üçün nəzərdə tutulmuş kənd təsərrüfatı torpaqlarında istehsala mane olan yaşıllıqların (ağac, kol və digər bitkilərin kökündən çıxarılması və ya kəsilməsi) götürülməsinin hüquqi əsaslarını və mexanizmini formalaşdırmaqdır. Layihə bu cür maneələrin aradan qaldırılmasını qanunla icazə verilən hallar sırasına daxil edir və xüsusilə kolların kəsilməsi üçün sadələşdirilmiş prosedur tətbiqini nəzərdə tutur. Diqqətə çatdırılıb ki, sənəd əkin təyinatlı torpaqlarda müasir texnologiyaların daha effektiv tətbiqinə, məhsuldarlığın yüksəlməsinə, fitosanitar mühitin yaxşılaşdırılmasına, su resurslarından istifadənin səmərəliyinin artırılmasına və istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət edəcək.

Arzu Paşaqızı