Milli Məclisin iclasında

Mayın 1-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib.


İclası açan Milli Məclisin sədri bildirib ki, bu gün iclasda 9 məsələ müzakirə ediləcək. Birinci məsələ Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti barədədir.
Spiker diqqətə çatdırıb ki, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət dövlətimizi beynəlxalq birliyin nüfuzlu bir üzvünə çevirib. Biz xarici siyasətimizdə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət, daxili işlərinə qarışmama prinsiplərini rəhbər tutur, beynəlxalq qurumlar ilə konstruktiv iş birliyini inkişaf etdiririk. Bu baxımdan ölkəmiz Avropa Parlamenti ilə əməkdaşlıq mexanizmlərini həmişə konstruktiv dialoq platforması kimi nəzərdən keçirib.
Bu da qeyd edilməlidir ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır, qitənin enerji təhlükəsizliyinə böyük töhfə verir. Strateji infrastruktur layihələrinin reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yolunda atılan addımlar, regional sabitliyin təmin edilməsində fəal iştirak ölkəmizin beynəlxalq münasibətlər sistemində məsuliyyətli və konstruktiv rol oynadığını təsdiq edir.

Arzu Paşaqızı