Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxış edib
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Milli Məclisin sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 14-dən 17-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək idi.
Qeyd edim ki, Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında 126 ölkədən 1500 nəfərdən çox nümayəndə, o cümlədən 720 nəfər parlament üzvü iştirak edirdi. Onlardan 80 nəfəri parlament sədri, 52 nəfəri isə sədr müavini idi.
Assambleyanın iclası “Gənc nəsil üçün ümidlərin artırılması, sülhün qorunması və ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuşdu. Tədbirdə parlamentlərin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsinə yönələn təşəbbüslər və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirildi.
Hörmətli deputatlar!
Mən Assambleyanın iclasında çıxış edərək bəşəriyyəti narahat edən bir sıra qlobal problemlərə diqqəti çəkdim. Bildirdim ki, bu problemlərin həllində parlament üzvləri birgə və məsuliyyətlə hərəkət etməlidirlər. Onlar sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidirlər.
Çıxışımda mən həmçinin ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barəsində iclas iştirakçılarına geniş məlumat da verdim.
Onu da deyim ki, aprelin 17-də Assambleya çərçivəsində ümumi müzakirələrə Azərbaycan parlamentinin rəhbəri kimi mən sədrlik etdim.
Hörmətli həmkarlar!
Assambleya çərçivəsində keçirilən 41-ci Qadın Parlamentarilər Forumunda mən çıxış edərək qadın parlament sədrlərinin 2025-ci ildə keçirilmiş 15-ci Zirvə Toplantısının hesabatını təqdim etdim. Çıxışımda qeyd etdim ki, parlament üzvləri mövcud problemlərin həllində fəal iştirak etməlidirlər, çünki bu gün dünyada sülhün təmin olunması üçün dialoqun və inklüzivliyin gücünə ehtiyac duyulur.
Hörmətli deputatlar!
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirdi. Görüşdə qeyd edildi ki, parlamentlər arasında əməkdaşlığın dərinləşdirilməsi qlobal çağırışların həllində önəmli rol oynayır.
Hörmətli deputatlar !
Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirildi.
Mən, çıxışımda, qeyd etdim ki, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla və dinamik inkişaf edir. Azərbaycan türk dünyasının inteqrasiyası və yüksəlməsi naminə ardıcıl fəaliyyət göstərir. Və Milli Məclis bundan sonra da TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək.
Hörmətli deputatlar!
Səfər çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beşinci, əslində yubiley Konfransı keçirildi. Qeyd edim ki, tədbirdə 34 ölkədən 43 nümayəndə heyəti, 9 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən 205 nəfər nümayəndə iştirak etdi.
Mən Konfransa sədrlik etdim və tədbirin açılışında çıxış etdim. Çıxışımda bir sıra məsələlərə toxundum. Parlament Şəbəkəsinin qısa müddət ərzində keçdiyi böyük inkişaf yoluna nəzər saldım, Azərbaycanın sədrliyi ilə görülən işlərdən danışdım.
Konfransın əsas mövzusuna uyğun olaraq ölkəmizin ev sahibliyi ilə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası haqqında məlumat verdim. Həmçinin beynəlxalq aləmdə mövcud olan vəziyyət, bu gün bəşəriyyətin qarşısında dayanan çağırışlar və digər məsələlərə toxundum.
Hörmətli deputatlar!
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beşinci Konfransında mühüm bir qərar qəbul olundu. Bu, Şəbəkənin mənzil-qərargahının yaradılması və onun Bakı şəhərində yerləşdirilməsi barədə qərar idi. Hesab edirəm ki, bu, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin xarici siyasət konsepsiyasına uyğun olaraq parlament diplomatiyamızın çox böyük bir uğurudur.
Eyni zamanda, həmin qərar Parlament Şəbəkəsinin institusional inkişafı yolunda mühüm addımdır.
Hörmətli həmkarlar!
İstanbula işgüzar səfər çərçivəsində mən 10 rəsmi və 3 qeyri-rəsmi görüş keçirdim.
Parlamentlərarası İttifaqın Prezidenti və Baş katibi, həmçinin Belçika, Gürcüstan, Rusiya, Özbəkistan, Ermənistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Əlcəzair, Mərakeş, Dominikan parlamentlərinin sədrləri ilə görüşlərdə parlament əməkdaşlığının gücləndirilməsi yolları nəzərdən keçirildi, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi.
Azərbaycan Respublikasının Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu da imzalandı.
Hörmətli deputatlar !
Hesab edirəm ki, İstanbul şəhərinə işgüzar səfər uğurlu oldu. Mən nümayəndə heyətinin hər bir üzvünə öz minnətdarlığımı bildirirəm.
Arzu Paşaqızı