Milli Məclisin sədri Sahibə Qafarovanın Parlamentin 10 aprel 2026-cı il tarixli iclasında çıxışı

Hörmətli həmkarlar!


Bildiyiniz kimi, Milli Məclisin sədrinin başçılığı ilə nümayəndə heyəti martın 24-dən 26-dək Çin Xalq Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Asiya naminə Boao Forumunda iştirak etmək idi.


Qeyd edim ki, Forum Asiya-Sakit Okean regionunun 26 ölkəsi tərəfindən 2001-ci ildə təsis edilmiş, sonradan daha 3 ölkə onlara qoşulmuşdur. Azərbaycan bu tədbirə xüsusi qonaq kimi dəvət olunmuşdur.


Hörmətli deputatlar!


Asiya naminə Boao Forumunun İllik Konfransında mənim çıxışım oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Çin Xalq Respublikasının sədri cənab Si Cinpinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Çin münasibətlərindən danışdım.


Çin tərəfindən irəli sürülən və Azərbaycan tərəfindən dəstəklənən qlobal təşəbbüslərin əhəmiyyətini vurğuladım. Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyini, “Bir Kəmər, Bir Yol” layihəsinin inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyini diqqətə çatdırdım.

Qeyd etdim ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir.


Onu da dedim ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaqdır.


Hörmətli həmkarlar!


Onu da deyim ki, 30 illik işğala son qoyan Azərbaycanın suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərini daim dəstəklədiyini bildirdim. Azərbaycan dövlətinin irəli sürdüyü qlobal təşəbbüslər, Bakıda keçirilmiş və keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər haqqında Forum iştirakçılarına məlumat verdim.


Hörmətli deputatlar!


Səfər çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri cənab Cao Lıci ilə görüşüm oldu. Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə edildi.
Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi yolları haqqında fikir mübadiləsi aparıldı, o cümlədən qanunvericilik orqanlarının komitələri arasında institusional əlaqələrin inkişaf etdirilməsi imkanları və digər məsələlər nəzərdən keçirildi.


Hörmətli həmkarlar!


Hesab edirəm ki, Çin Xalq Respublikasına işgüzar səfər uğurlu oldu.