Milli Məclis komitələrinin birgə iclasında
Martın 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib. İclasın gündəliyinə 4 məsələ daxil edilib.
Tədbiri açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
O, rəqəmsal texnologiyaların sürətli inkişafının və süni intellekt texnologiyalarının müxtəlif sahələrdə geniş tətbiqinin informasiya mühitinin transformasiyasına, yeni innovativ imkanların yaranmasına şərait yaratdığını, bununla yanaşı, qeyd olunan texnologiyaların yaratdığı imkanlardan qanunsuz və zərərli məqsədlərlə istifadə hallarının artdığını söyləyib. O, bildirib ki, bu cür hallar şəxsi həyatın toxunulmazlığına müdaxilə, habelə ictimai rəyin manipulyasiyası və cəmiyyətdə çaşqınlıq yaranması baxımından həmin sahədə müvafiq hüquqi mexanizmlərin formalaşdırılmasını zəruri edir.
Arzu Paşaqızı