BƏƏ-də tutulub Azərbaycana gətirildi- 1.683.298 manat dəyərində…

Fevralın 20-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Bu barədə “turaninsesi.az ”a nazirlikdən məlumat verilib. 

Bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində) Azərbaycanın dövlət sərhəddində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Səmədzadə Tural Akif oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.

Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. 

Səmədzadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Arzu Paşaqızı