Qeyri-etik videolar çəkən əcnəbilərin cəzası endirildi
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammadin cəzası iki ildən 6 aya endirilib.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib.
Təqsirləndirilən şəxslərin vəkillərindən biri Rüfət Bədirli deyib ki, onlara təyin edilən 6 ay cəzanın müddəti sabah bitir. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər azadlığa buraxıldıqdan sonra ölkələrinə deportasiya olunacaq.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər.
Xatırlatma: hadisə ötən ilin avqust ayında baş verib. İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.
Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.
Arzu Paşaqızı