Milli Məclisin plenar iclasında
Fevralın 13-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti cənab Cey. Di. Vens bu günlərdə ölkəmizdə rəsmi səfərdə olub. Tarixi əhəmiyyət daşıyan bu səfər Azərbaycan Respublikası ilə ABŞ arasında münasibətlərin inkişafında yeni mərhələ açıb.
Səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası birgə əməkdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edir, energetika, iqtisadiyyat, investisiya qoyuluşu, kosmik sənaye, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşməsinin möhkəm təməlini yaradır.
Sülh, sabitlik və dayanıqlı inkişaf sahəsində ümumi maraqlara əsaslanan Xartiya tərəflərin suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və milli maraqlara hörmət əsasında iş birliyini genişləndirmək niyyətini əks etdirir.
Spiker Sahibə Qafarova vurğulayıb ki, dünyanın ən qüdrətli dövləti ilə ölkəmizin əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi bir çox cəhətdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti sayəsində mümkün olub. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional enerji-nəqliyyat layihələrinin əsas iştirakçısı, müstəqil xarici siyasət yeridən bir dövlət kimi böyük nüfuz qazanıb.
Milli Məclisin sədri bildirib ki, bu gün bölgəmizin dərin dəyişikliklərə məruz qaldığı bir şəraitdə Azərbaycan konstruktivlik və məsuliyyətli tərəfdaşlıq prinsiplərinə əsaslanır.
O, deyib ki, biz Ermənistanla Azərbaycan arasında sülh yaradılmasına Birləşmiş Ştatların, xüsusən Prezident cənab Donald Trampın verdiyi töhfəni yüksək qiymətləndiririk. ABŞ-ın dəstəyi Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar edilməsində müstəsna rol oynayır, iqtisadi inteqrasiya və əməkdaşlıq üçün yeni imkanlar açır.
Spiker qeyd edib ki, Vitse-prezident cənab Vensin səfəri göstərdi ki, Azərbaycanın və Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionunun gələcək inkişafı ilə baxışları bir-birinə yaxındır. O, bildirib ki, bizim əməkdaşlığımız təkcə iki ölkənin deyil, həm də Xəzər dənizindən Avropaya qədər geniş bir bölgənin maraqlarına xidmət edir.
Milli Məclisin sədri çıxışının sonunda səfər çərçivəsində əldə edilmiş razılaşmaların Amerika-Azərbaycan münasibətlərinin ardıcıl və dinamik inkişafını təmin edəcəyinə, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradacağına əminliyini ifadə edib.






Arzu Paşaqızı