Dövlət çevrilişi cəhdinin pulunu Abbas Abbasov və Ramiz Mehdiyev ödəyib

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri – Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

turaninsesi.az ”xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

Arzu Paşaqızı