Milli Məclisdə görüş

Yanvarın 31-də Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar.


Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan–ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıq istiqamətləri və gələcək inkişaf perspektivləri barədə fikirləri ilə bölüşüb. Vurğulanıb ki, bu gün əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi tərəflərin birgə bəyanatlarında və atılan praktiki addımlarda öz aydın ifadəsini tapır.
Vaşinqton sammitini dəyərləndirən komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri, bu əsnada aparılan danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bildirib ki, sözügedən razılaşmalar Azərbaycan ilə ABŞ arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyıb. Vurğulanıb ki, bu sənədlər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan–Ermənistan sülh gündəliyi kontekstində də xüsusi rol oynayır və regionda sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Arzu Paşaqızı