Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında çıxış edib
Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib.
Milli Məclisin sədri çıxışında bildirib ki, 2024-cü ilin fevralında Bakıda keçirilmiş 14-cü plenar sessiyada Azərbaycan Respublikasının Milli Məclisi APA-ya sədrliyi öz üzərinə götürüb. Azərbaycanın sədrliyi dövründə ölkəmiz Assambleya çərçivəsində əməkdaşlığın və dialoqun dərinləşdirilməsi istiqamətində fəal səylər göstərib. Bu, Azərbaycanın APA-ya mühüm parlamentlərarası platforma kimi verdiyi əhəmiyyətin göstəricisidir. Sahibə Qafarova vurğulayıb ki, cari ildə APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.


Arzu Paşaqızı