Milli Məclisin sədri Sahibə QafarovaBəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb
Yanvarın 25-də Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam ilə görüşüb.
Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini bildirərək, ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına ikinci dəfə səfər etdiyini qeyd edərək, ötən dövrlərdə Bəhreyn Krallığının parlament sədrlərinin də Azərbaycana səfərlərini və keçirilmiş görüşləri məmnunluqla xatırladıb. Milli Məclisin sədri hazırkı səfərin onun spiker qismində Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu və bu səfərin Azərbaycan ilə Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini bildirib. O, Azərbaycanın ötən il Bəhreyndə səfirlik açmasının ikitərəfli münasibətlərimizi yeni mərhələyə daşıdığını deyib.
Qeyd olunub ki, səfər çərçivəsində Milli Məclisin sədri Asiya Parlament Assambleyasının 16-cı plenar iclasında da iştirak edəcək və bu platforma parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.


Arzu Paşaqızı