Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb
Yanvarın 22-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini Radmila Şekerinskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davam edən əməkdaşlıq vurğulanaraq, Alyansın beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı rol yüksək qiymətləndirilib.
Söhbət zamanı, tərəflər arasında mövcud davamlı və məzmunlu siyasi dialoqun əhəmiyyəti vurğulanaraq, bildirilib ki, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərləri, NATO-nun sabiq Baş katibi Yens Stoltenberqin 2024-cü ildə Azərbaycana səfəri, aparılan danışıqlar və müntəzəm təmaslar tərəfdaşlığa yeni dinamika gətirib və bu addımlar siyasi dialoqun intensivliyinin göstəricisi kimi qiymətləndirilib. Azərbaycanın NATO üçün etibarlı və öhdəliklərinə sadiq tərəfdaş olduğu qeyd edilərək, ölkəmizin Alyansın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyəti, regional nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyəti vurğulanıb.



Arzu Paşaqızı