İctimai birliklər və dini qurumlar komitəsinin iclasında
Yanvarın 21-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.
İclası açan komitə sədri Fazil Mustafa bildirib ki, gündəliyə 2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi və cari məsələlərin müzakirəsi daxildir.
Birinci məsələ barədə danışan komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ilin payız sessiyası dövründə komitənin 4 iclası keçirilib və 6 məsələyə baxılıb. Bu dövr ərzində komitəyə daxil olmuş 83 ərizə, məktub və digər müxtəlif xarakterli sənədlərlə, həmçinin elektron poçt vasitəsilə daxil olmuş məktubların əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılıb, onların qanun çərçivəsində həllinə nail olunub. Seçicilərlə həm Milli Məclisdə, həm də yerlərdə mütəmadi görüşlər keçirilib, lazımi izahatlar verilib.

Arzu Paşaqızı