Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

Yanvarın 21-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Arzu Nağıyev iclası açaraq, yeni sessiyada komitə üzvlərinə uğurlar arzulayıb.


Komitə sədri ötən il ölkə həyatında baş verən hadisələrin əhəmiyyətindən söhbət açıb, bu baxımdan komitə üzvlərinin üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirdiklərini söyləyib. O, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və ölkənin beynəlxalq nüfuzunun güclənməsinə xidmət etdiyini vurğulayıb.
Sonra Arzu Nağıyev iclasın gündəliyinə 2 məsələnin – 2025-ci ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini bildirib.

Arzu Paşaqızı