Oğlu adam güllələyən sabiq icra başçısı KİMDİR?-DOSYE
Yevlax rayonunda silahlı insident baş verib. 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Polis Z.Səmədovu saxlayıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Zaur Səmədov Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun oğludur.
“turaninsesi.az ” oğlu adam güllələyən sabiq icra başçısı ilə bağlı maraqlı məlumatları təqdim edir:
Qoca Səmədov 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub. 1966-1976-cı illərdə M.Ə.Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. 1976-1977-ci illərdə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləyib. 1977-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnib.
1982-ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlayıb. 1982-1984-cü illərdə ordu sıralarında xidmət edib. 1985-1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996-2004-cü illərdə Yevlax rayonundakı “Qafqaz” Kooperativinin sədri işləyib.
2004-2005-ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışıb. 2005-2006-cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyib. Azərbaycan Prezidentinin 18 fevral 2011-ci il tarixli 1345 saylı Sərəncamı ilə Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunub.
2019-cu il Azərbaycan ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Q.Səmədov 2019-cu il dekabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakinin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaiti mənimsənilməkdə, habelə abadlıq adı altında yüz minlərlə manat büdcə vəsaitini “otkat” şəklində geri almaqda günahlandırılıb.
DTX-nın o dövrdə yaydığı məlumata görə, sabiq icra başçısı 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsaiti nağdlaşdıraraq mənimsəyib. Hətta şəhid ailələri və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında icra strukturlarından yığılan pulun da bir hissəsini ələ keçirib. Keçmiş icra başçısı üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinirdi.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin olunmuşdu. 2023-cü ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılmışdı. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub. 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov yaşadığı evdə vəfat edib.
Ailəli idi, 2 övladı var.
Arzu Paşaqızı