Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı
dekabr ayının 27-də keçiriləcək
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin yerli qurumlarında vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı davam edən müsabiqə üzrə növbəti qrup namizədlərlə bu ilin dekabrın 27-də Dövlət İmtahan Mərkəzi ilə birlikdə test imtahanı keçiriləcəkdir.
Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinin inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.
Qaydalara əsasən test imtahanının nəticəsinə görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi, həmçinin onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər nazirliyin internet səhifəsində “Qulluğa qəbul” bölməsində və elektron kabinetlərində tanış ola bilərlər.
Müsabiqədə iştirak edən hüquqşünasların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında davamlı hazırlıq kursları təşkil olunur (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
Əlavə məlumatları nazirliyin internet səhifəsindən (www.justice.gov.az), yerlərdə ədliyyə qurumlarına müraciət etməklə, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilmişdir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı