Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb
Noyabrın 19-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclasın gündəliyinə 8 məsələ daxildir. Onlardan 6-sı “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və Büdcə zərfinə daxil olan sənədlərdir.
Spiker diqqətə çatdırıb ki, bu il bizim büdcə müzakirələrimiz “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir. Noyabrın 12-də xalqımız Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Konstitusiyamızın 30 illiyini qeyd etdi.
Eyni zamanda, bu ay Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin 5-ci ildönümü də qürurla qeyd olundu. Dövlət suverenliyimizin tam bərpasını təcəssüm etdirən bu tarixi hadisələr gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə xüsusi bir məna verir.
Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa imkan verib.
Mürəkkəb beynəlxalq konyunkturaya baxmayaraq, iqtisadiyyatımızın dayanıqlığı və ardıcıl inkişafı təmin edilib. Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi də möhkəmlənib.
Qeyri-neft sektorunun artımı, ixrac potensialının genişlənməsi, energetika sisteminin fəal surətdə modernləşdirilməsi və “yaşıl enerji” layihələrinə yeni sərmayələrin qoyulması təsdiq edir ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir.
Spiker vurğulayıb ki, azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır.










Arzu Paşaqızı