Milli Məclis komitələrinin birgə iclasında

Noyabrın 13-də keçirilmiş Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.


İclası açan Milli Məclis sədrinin müavini Musa Qasımlı növbəti ilin büdcə layihəsinin müzakirəsinin Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin həyata keçirildiyi, keçmiş məcburi köçkünlərin müasir yaşayış məntəqələrinə qaytarıldığı, həmin yerlərdə mədəniyyətimizin, elmimizin, təhsilimizin yenidən bərpa edildiyi, Vaşinqtonda sülh sazişi layihəsinin paraflandığı bir şəraitdə keçirildiyini və bütün bunların ölkəmizin 2025-ci ildə uğurlu yol keçdiyinin göstəricisi olduğunu vurğulayıb. O, bugünkü müzakirələrin, eyni zamanda, dövlət suverenliyimizin bərpa edilməsinin 5 illiyi, Konstitusiyamızın qəbul olunmasının 30 illiyi kimi əlamətdar hadisələrə təsadüf etdiyini söyləyib.
Vitse-spiker bildirib ki, büdcə layihəsində vergi gəlirlərinin və qeyri-neft sektoru üzrə gəlirlərin payının artmasının proqnozlaşdırılması neftdən asılılığın getdikcə azalmasına, kənd təsərrüfatının, turizmin, sahibkarlığın inkişafına, yeni texnologiyaların tətbiqinə müsbət təsir göstərəcək. O, qeyd edib ki, Azərbaycanın öz gücü hesabına öz ərazilərini işğaldan azad etməsi, heç bir yardım olmadan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında apardığı irimiqyaslı quruculuq işləri ölkə Prezidentinin rəhbərliyi altında ölkəmizdə qurulmuş maliyyə-iqtisadi siyasətinin düzgün həyata keçirildiyinin bariz nümunəsidir.

Arzu Paşaqızı