Milli Məclis komitələrinin birgə iclasında 2026-cı il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunub
Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iclası açaraq, tədbirdə “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.
Parlamentin birinci viste-spikeri Konstitusiyamıza əsasən ölkənin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin, insanların rifahının yaxşılaşdırılmasının dövlətin ali məqsədlərindən olduğunu bildirib.
Bununla yanaşı, Konstitusiyada dövlətin vəzifələrinin təsbit olunduğunu və onların həyata keçirilməsi üçün ölkə Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi və sosial strategiyanın əks olunduğunu qeyd edib. Eyni zamanda, hazırda Böyük Qayıdış layihəsinin reallaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, 2026-cı il dövlət büdcəsinin layihəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün lazımi iqtisadi və maliyyə əsaslarının təmin edildiyini söyləyib.
Əli Əhmədov beynəlxalq aləmdə gedən mürəkkəb proseslərin iqtisadi sahədə də müəyyən çağırışlar yaratdığını deyib. O, bütün bunlara baxmayaraq, Azərbaycanda iqtisadi və sosial sahələrdə uğurların əldə edildiyini bildirib. Ölkəmizin 2026-ci il üçün dövlət büdcəsinin həm gəlirlərində, həm xərclərində artımın müşahidə edildiyini, bu büdcənin də ənənəvi olaraq sosialyönümlü olduğunu qeyd edib.
Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisinin 41 faiz olduğunu deyib. Büdcənin həyatın bütün sahələrində qarşıda qoyulan vəzifələrin icrası üçün lazımi təmimat yaratdığını bildirib.

Arzu Paşaqızı