QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin iclasında

Oktyabrın 7-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitar siyasət komitəsinin 65-ci iclası keçirilib.
İclasda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, QDİƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, QDİƏT Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev və quruma üzv ölkələrin parlament təmsilçiləri iştirak ediblər.
İclasın açılış mərasimində çıxış edən QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev tədbir iştirakçılarını salamlayaraq, sosial rifahın yüksəldilməsi, humanitar dəyərlərin təşviqi, inklüziv cəmiyyətin qurulması istiqamətində birgə öhdəliklərin əhəmiyyətindən danışıb.
Musa Quliyev komitənin bugünkü iclasının “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” mövzusuna həsr olunduğunu diqqətə çatdırıb. O, hazırda bütün dünyada süni intellektin geniş yayılmaqda olduğunu deyərək, cari ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın hazırlandığını vurğulayıb. Sənədin ölkəmizdə süni intellektin inkişafının sürətləndirilməsi, bu sahədə tədqiqatların aparılmasının təşviqi, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi baxımından önəmindən bəhs edib.





Arzu Paşaqızı