PALATA-Turizm Agentliyində 18,5 milyonluq pozuntu aşkarlanıb

Hesablama Palatası Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlayıb.
“turaninsesi.az” xəbər verir ki, 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib.
Azərbaycan Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrə mütəxəssis (kadr) hazırlığı nəzərdə tutulmadığı halda, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC KREMS Tətbiqi Elmlər Universiteti arasında İMC Transmilli proqramın tərtibi və həyata keçirilməsinə dair bağlanılmış müqavilələrə əsasən 2021-2023-cü illərdə ümumilikdə 899,5 min manat büdcə vəsaiti ödənilib.
Audit dövründə əhəmiyyətli sayda əməliyyatları əhatə edən 330 min manat məbləğində vəsaitlər vahid büdcə təsnifatının tələblərinə əməl edilməyərək funksional və iqtisadi təsnifatın paraqrafları üzrə xərclənməyib.
Qoruqları İdarəetmə Mərkəzinin müvafiq 4 qoruğunun ərazilərində toplanmış zibil, xəzəl, məişət tullantılarının yığılması, daşınması, ərazilərin süpürülməsi, ağacların əkilməsi, budanması və sair işlərin həyata keçirilməsi ilə bağlı satınalma müqavilələri bağlanılaraq həmin qurumların vəsaitləri hesabına aparılmalı olduğu halda Agentlik auditlə əhatə olunan dövr ərzində 835,5 min manat məbləğində vəsait ödəyib.
Agentlik “Azərbaycan Turizm Bürosu” və “Qoruqların İdarəetmə Mərkəzi”nə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi və həmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18,5 milyon manat məbləğində büdcə vəsaiti ilin sonunda tabelikdəki qurumlara köçürülməklə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarının vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınıb.
“Büdcə sistemi haqqında” qanunun tələbini pozan Agentlik vəsaitlərin akkreditiv hesablarda saxlanılmasına yol verib, bəzi hallarda vəsaiti büdcəyə qaytarmayıb. Akkreditiv hesablarda saxlanılmış vəsaitin 3 milyon 89,7 min manatı 2022-ci ildə, 8 milyon 789,2 min manatı 2023-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmış (icra edilmiş), ilin sonuna qalan 965,4 min manat vəsaitdən 921,8 min manatı isə 2024-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmaqla cəmi 43,5 min manatı büdcəyə qaytarılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI