Vəziyyət mürəkkəbdir: “Azərbaycan güzəştə getməyəcək”

Ermənistan ərazisində hər hansı üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktordur.

“turaninsesi.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Azərbaycan tərəfi qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmür:

“Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının missiyasının fəaliyyəti artıq başa çatmalıdır. Missiyanın yerləşdirilməsi Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə razılaşdırılmışdı.

O missiya qısamüddətli olmalı idi. Biz gördüyümüz kimi, bu, davamlı bir missiyaya çevrilir və tərkibi, habelə coğrafi mandat ərazisi genişləndirilir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmürük. Biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik. Bu, narahatlıq doğuran faktordur”.

Maraqlıdr, bu gün ölkəməzi üçün xüsusi narahatlıq doğuran faktor nədir?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli bildirdi ki, əsas narahatlıq doğuran faktor təhlükəsizlik məsələləridir.

O qeyd edib ki, Ermənistan ərazisində hər hansı üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsində məqsəd Azərbaycana təzyiq göstərməkdir:

“Müharibə sülh ilə başa çatmayıb. Sülh danışıqları demək olar yekunlaşıb. Bir-iki məsələnin uzlaşdırılması qalır. Hətta yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağını deyirdilər.

Lakin Avropa İttifaqına daxil olan ölkələr Ermənistana sülh missiyası adı altında nümayəndələr göndəriblər. Bu nümayəndələr guya tərəflər arasında sülhün möhkəmliyini qorumaq üçün müşahidələr aparırlar. Əslində bu belə deyil. Onlar bölgəyə hərbi qüvvələr kimi gəliblər.

Onlar bölgədə yenicə formalaşmaqda olan sülh və dinclik mühitini pozurlar. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanılmasına üçüncü bir qüvvə qarışmamalıdır.  Əvvəlcədən də belə razılaşdırılmışdı. Üstəlik də üçüncü dövlətin silahlı qüvvələri Ermənistan ərazisinə yerləşirsə, vəziyyət büsbütün Ermənistanın xeyrinə dəyişir və müharibə vəziyyəti yaradır. 

Çünki Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün Ermənistanda hər hansı üçüncü qüvvənin yerləşdirilməsinə heç zaman razı olmayacaq. 

Bu nöqteyi-nəzərdən Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçiləri və Fransanın müəyyən qüvvələrinin yerləşdirilməsi vəziyyəti gərginləşdirən məqamlardandı. 

Buna görə də Azərbaycan qətiyyən güzəştə getməyəcək. Ermənistan durmadan silahlanır və üstəlik ərazisinə üçüncü dövlətin islahlı qüvvələrini yerləşdirir. İrəliləyən zamanda münaqişə baş verməsi mümkündür”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI