Türkiyənin səhiyyə naziri: “Qənirə Paşayeva türk dünyasına böyük xidmətlər göstərib”
Qənirə Paşayeva türk dünyasına böyük xidmətlər göstərib.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca sosial şəbəkə hesabında yazıb.
“Azərbaycan Respublikasının millət vəkili Qənirə Paşayeva təəssüf ki, Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına başsağlığı verirəm.
Türk dünyasına böyük xidmətlər göstərdi. İnanıram ki, onun adı həmişə xatırlanacaq”, – Türkiyənin səhiyyə naziri qeyd edib.
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.